Keçmiş məhkum baş nazir seçildi

Keçmiş məhkum baş nazir seçildi
  04 İyun 2018    Oxunub:1816
Sabiq baş nazir Yanez Yanşinin Sloveniya Demokratik Partiyası dünən ölkədə keçirilən növbədənkənar parlament seçkilərində qalib gəlib.
AzVision.az "Euronews"a istinadən xəbər verir ki, Sloveniya Dövlət Seçki Komissiyasının məlumatına görə, səslərin 99,89 faizinin sayılmasından sonra Yanşinin partiyası 27% səs toplayaraq parlamentdəki 90 yerin 26-na sahiblənə bilib.

Keçmiş komediya aktyoru, Kamnik şəhərinin meri Maryana Şareçanın rəhbərlik etdiyi hərəkat 13%, sosial-demokratlar 10%, martda istefa vermiş hazırkı baş nazir Miroslav Serarın mərkəzçi partiyası isə təqribən 10% səs toplayıb. Dövlət Seçki Komissiyası səsvermənin yekun nəticəsini iyunun 19-dək dəqiq bəyan edəcək.

Seçkilər nəticəsində ümumilikdə 9 siyasi partiya parlamentdə təmsil olunmaq şansı qazanıb. Heç bir partiya mütləq çoxluq qazanmadığından, koalision hökumət formalaşdırılacaq. Çünki hökumət qurmaq üçün parlamentdə 46 yerə sahib olmaq lazımdır.

Sloveniya Demokratik Partiyasının lideri Yanez Yanşin artıq bəyan edib ki, hökumətin formalaşdırılması üçün silahdaş axtarırlar və ciddi dialoq aparmaq istəyənlər üçün qapılar açıqdır. Lakin Yanşinin sərt anti-miqrant siyasi mövqeyi onun tərəfdaş axtarmaq cəhdlərini indidən əngəlləyib. İkinci ən çox səs toplayan Maryana Şareça koalisiya hökumətində təmsil olunmayacaqlarını açıqlayıb. Digər partiyalar da hələ ki, Yanşinə yaxın durmaq istəmir. Yalnız 7 faizdən bir az çox səs yığan sağ-mərkəzçi “Yeni Sloveniya” partiyası onunla əməkdaşlığa hazır olduğunu deyib.

Qeyd edək ki, Yanez Yanşin artıq 2 dəfə - 2004 və 2012-ci ildə Sloveniyanın baş naziri vəzifəsinə seçilib. Lakin korrupsiyada ittiham olunaraq 2014-cü ildə 2 illik azadlıqdan məhrumetmə cəzası alıb. Lakin 2015-ci ildə Sloveniya Konstitusiyası Yanşinə qarşı məhkəmənin qərarını ləğv edərək onu azadlığa buraxıb.

Leyla Elbrusqızı
AzVision.az



Teqlər: Sloveniya   Miqrant  





Xəbər lenti