İran uranın zənginləşdirilməsinə başladı

İran uranın zənginləşdirilməsinə başladı
  05 İyun 2018    Oxunub:1376
İranın ali dini lideri Ayətulla Əli Xameneyi ölkənin Atom Enerjisi Təşkilatına uranın 190 min SWU səviyyəsində zənginləşdirilməsilə bağlı tapşırıq verib.
AzVision.az-ın Press TV-yə istinadən verdiyi xəbərə görə, Xameneyi vurğulayıb ki, İran eyni vaxtda həm sanksiyalar, həm də nüvə nəzarəti altında qala bilməz. O, bu səbəbdən İranın nüvə proqramı üzrə Hərtərəfli müştərək fəaliyyət planında qaldığı müddətdə uranın zənginləşdirilməsini əmr edib.

2015-ci ilin sentyabrında isə İran xarici işlər nazirinin müavini Abbas Araqçı bəyan etmişdi ki, İran altıncı və yeddinci nəsil sentrifuj ayırıcılarının köməyilə yaxın 15 il ərzində 190 min SWU həcmində zənginləşdirilmiş uran əldə edə bilər.

Qeyd edək ki, mayın 8-də ABŞ-ın birtərəfli qaydada İranla nüvə sazişindən çıxması və sanksiyaları bərpa etməsindən sonra sazişin digər iştirakçılar, o cümlədən Avropa üçlüyü – Fransa, Almaniya və Böyük Britaniya sankiyalara rəğmən nüvə anlaşmasında qalmaqla böyük zərərlə üzləşməyəcəyinə dair Tehrana iqtisadi-siyasi zəmanət veriblər. Onlar, həmçinin İranı əmin ediblər ki, hazırkı nüvə sazişinin qorunub saxlanmasının tərəfdarıdırlar.

Lakin Fransa XİN və Senatının rəsmiləri bildiriblər ki, Fransa İranla hazırkı nüvə sazişindən çıxmaq və yenisinin imzalanması üçün qlobal danışıqlara başlamağa hazırlaşır. Yeni saziş bütün tərəfləri, xüsusən də birtərəfli qaydada hazırkı nüvə sazişindən çıxan ABŞ-ı narahat edən bütün məsələləri əhatə edəcək. İranla yeni nüvə sazişinin imzalanması ideyası Almaniya bundestaqının bir sıra üzvləri tərəfindən dəstəklənir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İran   ABŞ   Nüvə  





Xəbər lenti