“Qazprom”un aktivlərinə həbs qoyuldu

“Qazprom”un aktivlərinə həbs qoyuldu
  05 İyun 2018    Oxunub:2597
Stokholm arbitraj məhkəməsinin fevral ayında çıxardığı qərara uyğun olaraq, Rusiyanın “Qazprom” şirkətinin Hollandiyadakı aktivlərinə həbs qoyulub. Bu addım “Qazprom”un Ukraynanın “Naftoqaz” şirkətinə 2,6 milyard dollar ödəməsi üçün atılıb.
AzVision.az xarici mediaya istinadən xəbər verir ki, məhkəmə icraçıları, həmçinin “Qazprom”un “Şimal axını” və “Şimal axını-2” qaz layihələrindəki aktivlərini də dondurmaq üçün fəaliyyətə keçiblər. Bununla bağlı müvafiq iddia ərizəsini “Naftoqaz” ötən həftə məhkəməyə təqdim edib.

“Naftoqaz”dan verilən məlumatda deyilir ki, Hollandiya məhkəməsi bu iddianı təmin edib, lakin “Qazprom”un 7 törəmə filialından 6-sı məhkəmə icraatçılari ilə əməkdaşlıqdan imtina ediblər. Lakin belə müqavimət aktivlərin həbs edilməsinə heç cür təsir etməyəcək. “Naftoqaz” idarə heyətinin rəhbəri Andrey Kobolev isə bildirib ki, şirkət “Qazprom”dan 2,6 milyard dolları almaq üçün bütün mümkün qanuni alət və vasitələrdən istifadə edəcək.

Qeyd edək ki, fevralın 28-də Stokholm arbitraj məhkəməsi Ukraynanın “Naftoqaz” şirkətinin Rusiyanın “Qazprom” şirkətinə qarşı iddiası əsasında qərar çıxarıb. Qərara əsasən, Rusiya tərəfi 2009-2017-ci illərdə Ukrayna vasitəsilə müqavilədə nəzərdə tutulduğundan daha az həcmdə qaz tranzit etdiyi üçün 4,6 milyard dollar cərimə ödəməlidir. Lakin “Naftoqaz”ın “Qazprom”a 2 milyard dollar borcu nəzərə alınaraq, onun ödəməli olduğu məbləğ 2,6 milyard dollara endirilib. Həmçinin, arbitraj məhkəməsinin qərarına görə, “Qazprom” tranzit müqaviləsinin sonuna qədər - 2019-cu ilin sonunadək Ukrayna vasitəsilə ildə 110 milyard kubmetr qaz nəql etməli, yaxud bunun əvəzini pulla ödəməlidir.

“Qazprom”un sədri Aleksey Miller Stokholm arbitraj məhkəməsinin qərarını pisləyərək, bunu Ukraynanın iqtisadi problemlərinin Rusiyanın hesabına həll olunması kimi qiymətləndirib və “Naftoqaz”ın davranışına cavab olaraq, birtərəfli qaydada Ukrayna şirkəti ilə imzalanmış müqavilələrdən çıxdığını və bundan sonra Ukrayna ərazisindən Avropaya qaz nəql etməyəcəklərini bəyan edib. Bu məqsədlə “Qazprom” hətta Stokholm arbitraj məhkəməsinə iddia ərizəsi təqdim edib.

Leyla Elbrusqızı
AzVision.az




Teqlər: Ukrayna   Rusiya   Qaz  





Xəbər lenti