Çin ABŞ-ı təxribatlardan əl çəkməyə çağırıb

Çin ABŞ-ı təxribatlardan əl çəkməyə çağırıb
  05 İyun 2018    Oxunub:1896
Çin ABŞ-ı Tayvan boğazında təxribatlar vasitəsilə ikitərəfli münasibətlərin pisləşməsinə yol verməməyə və “vahid Çin” prinsipinə riayət etməyə çağırıb.
AzVision.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hua Çunin bu gün keçirdiyi brifinqdə deyib.

Xarici KİV-lərin yaydığı məlumata əsasən, Tayvan boğazından hərbi gəmi keçirmək məsələsi üzrə Vaşinqtonda müzakirələr aparılır. Pekinin xəbərdarlığı da ABŞ-ın bu addımı ilə bağlıdır.

“Biz dəfələrlə bəyan etmişik ki, Tayvan məsələsi Pekinlə Vaşinqtonun münasibətlərində ən həssas və vacib məsələlərdən biri olaraq qalır. ABŞ “vahid Çin” siyasətinə riayət etməli, Çinlə əlaqələrə, o cümlədən Tayvan boğazının hər iki tərəfində sülh və sabitliyə zərbə vurmaqdan yayınmaq üçün Tayvanla əlaqəli işlərini lazımi qaydada aprmalıdır”, – deyə Hua Çunin vurğulayıb.

Xatırladaq ki, mart ayında Çinin Müdafiə Nazirliyi Vaşinqtonun ABŞ rəsmilərinin Tayvana gediş-gəlişini nəzərdə tutan qanununu sərt şəkildə qınamış, hətta buna cavab olaraq Tayvan ətrafında hərbi mövcudluğunu gücləndirməklə hədələmişdi.



Qeyd edək ki, İkinci Dünya müharibəsindən sonra Çində baş verən vətəndaş müharibəsində Mao Tsedunun başçılıq etdiyi kommunistlər Çan Kayşinin liderliyindəki Komintana qalib gəlib və Çin Xalq Respublikasını elan ediblər. Məğlub olan Çan Kayşi partiyası Tayvanda yeni hökümət qurub. Bundan sonra tərəflər arasında əlaqələr kəsilib və yalnız 1980-cı illərdə qeyri-formal işçi münasibətlər, 1990-cı illərdə isə QHT-lər səviyyəsində Tayvanla Pekin arasında əlaqələr bərpa olunub. Tayvan Çindən ayrıldığını elan etsə də, Pekin onu həmişə öz ərazisi hesab edib və bunu sübut etmək üçün güc tətbiqinə hazır olduğunu bəyan edir.

Leyla Elbrusqızı
AzVision.az



Teqlər: Çin   ABŞ   Tayvan  





Xəbər lenti