MDB-də pensiyanın artım dinamikasına görə birinciyik

MDB-də pensiyanın artım dinamikasına görə birinciyik
  11 Oktyabr 2013    Oxunub:1033
Azərbaycan MDB-də pensiyaların artım dinamikasına görə ilk yerdə qərarlaşıb.
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Azərbaycan Respublikasında həyata keçirilən pensiya islahatları nəticəsində pensiyalarının artırılması mexanizminin müasir əsaslarla yenidən qurulması, yəni pensiyaların baza hissəsinin bütün pensiyaçılar üçün eyni vaxtda artırılması, sığorta hissəsinin isə infilyasiya həddində indeksləşdirilməsi mövcud maliyyə imkanlarının bütün pensiyaçılar arasında ədalətli bölgüsünə imkan vermişdir. Yeni sığorta-pensiya sisteminin fəaliyyət göstərdiyi 2006-cı ildən hazıradək Azərbaycan Respublikası Prezidenti tərəfindən əmək pensiyalarının baza hissəsinin artırılması ilə bağlı 8, sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı 7 sərəncam verilib.

Sonuncu belə sərəncamla pensiyasının baza hissəsi cari ilin sentyabr ayının 1-dən 17,6 faiz artırılaraq 100 manata çatdırılmışdır. Beləliklə, sentyabr ayının 1-dən Azərbaycanda əmək pensiyalarının baza hissəsi 128 ABŞ dolları təşkil etmişdir ki, bu da MDB məkanında 3-cü (Qazaxıstan (185 ABŞ dolları) və Belarusdan (129 ABŞ dolları) sonra) göstəricidir (Bu məbləğ Rusiyada 109,3 ABŞ dolları, Ukraynada 111,8 dollar təşkil edir).
2003-cü ilin əvvəli ilə müqayisədə əmək pensiyalarının orta aylıq məbləği 9,2 dəfə artaraq 18,4 manatdan 170 manata (217 ABŞ dolları), minimum məbləği 7,1 dəfə artaraq 14 manatdan 100 manata (128 ABŞ dolları), yaşa görə pensiyalar (orta aylıq məbləğ 190 manat və ya 243 ABŞ dolları) üzrə əvəzetmə əmsalı 29,3 faizdən 45 faizə çatdırılmışdır. Bu artım dinamikası, MDB-nin pensiyaların məbləği nisbətən yüksək olan ilk 4 dövləti içərisində ən yuxarı artımdır və bu artım dinamikası üzrə ikinci yerdə qərarlaşmış Qazaxıstanda aparılan pensiya artımlarından 1,4 dəfə yuxarıdır.


Teqlər:





Xəbər lenti