Konte Rusiyaya qarşı sanksiyaların ləğvini tələb etdi

Konte Rusiyaya qarşı sanksiyaların ləğvini tələb etdi
  05 İyun 2018    Oxunub:1608
İtaliyanın yeni baş naziri Cüzeppe Konte bəyan edib ki, o, Avropanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların ləğv edilməsini təşviq edəcək.
AzVision.az xəbər verir ki, bu barədə o, İtaliya parlamentinin yuxarı palatası - Senatdakı çıxışında bildirib.

“Biz Rusiyaya qarşı sanksiyalar sisteminə yenidən baxılması üçün təşəbbüs göstərəcəyik. Və öncə Rusiyadakı vətəndaş cəmiyyətinin haqqlarını əzən sanksiyalardan başlayacağıq” – deyə İtaliyanın yeni baş naziri vurğulayıb.

Cüzeppe Konte əlavə edib ki, İtalilya son illər müxtəlif geosiyasi böhranların həll olunmasında beynəlxalq rolunu gücləndirən Rusiya ilə açıq münasibətlərin tərəfdarı olacaq. Lakin bununla belə, imtiyazlı müttəfiqləri kimi NATO və ABŞ ilə münasibətlərə sadiq qalacaqlar.

Qeyd edək ki, Rusiyaya qarşı sanksiyaların ləğv edilməsinin vacibliyi, parlament seçkilərində qələbə qazanmış və “5 Ulduz Hərəkatı” ilə “Şimal liqası” partiyalarının İtaliyada koalisiya hökuməti formalaşdırmaqla bağlı imzaladıqları müqavilədə də əks olunub. Həmin sənəddə deyilir ki, Rusiya Avropa üçün təhdid yox, əhəmiyyəti getdikcə artan ticari-iqtisadi tərəfdaşı və regional böhranların (Suriya, Liviya, Yəmən) həlli məqsədilə strateji həmsöhbətidir.

Xatırladaq ki, 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsilə əlaqədar olaraq, Avropa İttifaqı Rusiyaya bir sıra sanksiyalar tətbiq edib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İtaliya   Rusiya   Sanksiya   Avropaİttifaqı  





Xəbər lenti