Tramp Kim Çen Inla payızda yenidən görüşəcək

Tramp Kim Çen Inla payızda yenidən görüşəcək
  06 İyun 2018    Oxunub:1240
ABŞ prezidenti Donald Tramp 12 iyunda Sinqapurda keçiriləcək sammitdə Şimali Koreya lideri Kim Çen Indan ölkənin nüvəsizləşdirilməsinin dəqiq müddətini deməyi tələb edəcək.

AzVision.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə Tramp administrasiyasının nümayəndələri məlumat yayıb.
Məlumata görə, Trampın köməkçiləri ona məsləhət görüblər ki, Kim çen Inla görüşdə heç bir güzəştə getməsin və sərt mövqe sərgiləsin. Eyni zamanda Şimali Koreyanın hansı müddətdə tam nüvəsizləşdiriləcəyinə dair Çen Inın dəqiq vaxt açıqlamasına nail olsun.

Qeyd olunub ki, Sinqapurdakı sammitdə əldə olunacaq istənilən nailiyyət, yaxud uğursuzluğa görə Vaşinqton məsuliyyəti Pxenyanın üzərinə qoymağı planlaşdırır.

Ağ Evdə sammitə hazırlıq planı ilə tanış olan mənbələrin bildirdiyinə görə, əgər Tramp görsə ki, Kim Çen Inla aparılan danışıqlar müsbət nəticəyə doğru istiqamətlənmir, o zaman görüşü istənilən vaxt yarımçıq tərk edəcək. Yox, əgər iki ölkə lideri ortaq dil tapsalar, payızda ABŞ-ın Florida ştatında Trampın “Mar-a-Laqo” iqamətgahında növbəti görüş keçirilə bilər.

Həmçinin vurğulanıb ki, Mərkəzi Kəşfiyyat İdarəsinin Koreya üzrə eksperti Endryu Kim və dövlət katibi Mayk Pompeo artıq bir neçə həftədir Trampı Şimali Koreya lideri ilə danışıqlara hazırlayır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Koreya   Sammit  





Xəbər lenti