YAP İlham Əliyevi təbrik etdi
Prezidenti İlham Əliyevə ünvanlanan təbrik məktubunda daha sonra qeyd edilir: “Azad, şəffaf və ədalətli şəkildə keçirilən seçkilərdə yüksək səs çoxluğu qazanmağınız Azərbaycan xalqının Sizə olan inamının və etimadının, xalq-iqtidar vəhdətinin bariz ifadəsidir. Bu inamı yaradan Sizin həyata keçirdiyiniz məqsədyönlü siyasət nəticəsində ölkəmizin dinamik inkişafı, insanların rifahının davamlı olaraq yaxşılaşması, sabitliyin qorunub saxlanması, Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirilməsində həlledici rola malik olan, güclü və müstəqil siyasət aparan dövlət kimi dünyada özünü təsdiq etməsidir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü olması və hazırda bu təşkilata sədrlik etməsi, kosmik ölkələr sırasına qoşulması hər bir vətəndaşın milli qürur və iftixar mənbəyinə çevrilib.
Xalqımız əmindir ki, növbəti beş ildə Sizin rəhbərliyiniz altında ölkəmiz ictimai və siyasi həyatın bütün sahələrində növbəti uğurlara imza atacaq, daha da güclü Azərbaycan qurulacaq və bu dövlətdə hər bir vətəndaş bundan sonra da sülh, əmin-amanlıq və sabitlik şəraitində rahat yaşayacaq.
Yeni Azərbaycan Partiyası üçün qürurverici haldır ki, Sədri olduğunuz partiyanın hər bir üzvü seçkilərdə Sizin qələbə əldə etməyiniz üçün yüksək fəallıq göstərib, təbliğat-təşviqat kampaniyasında yaxından iştirak edib.
Sizə möhkəm can sağlığı, doğma Azərbaycanımızın daha da çiçəklənməsi, xalqın rifahının yüksəldilməsi yolunda yorulmaz fəaliyyətinizdə yeni - yeni möhtəşəm nailiyyətlər arzulayırıq”.