Qarabağda Saakyana qarşı silahlı qiyam hazırlanır

Qarabağda Saakyana qarşı silahlı qiyam hazırlanır
  06 İyun 2018    Oxunub:6332
Azərbaycanın Emənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində fəaliyyət göstərən separatçı rejimin xüsusi xidmət orqanları Bako Saakyana qarşı silahlı qiyama hazırlaşır.
AzVision.az xəbər verir ki, bu barədə separatçı rejimin “Milli dirçəliş” partiyasının üzvü Tiqran Qriqoryan bəyan edib.

O, “Facebook”da canlı yayıma çıxaraq Qarabağdakı ermənilərə xəbərdarlıq edib. Bildirib ki, baş verəcək silahlı üsyana hazır olsunlar və onun qarşısını almaq üçün qəti şəkildə fəaliyyətə keçsinlər.

Qriqoryan, həmçinin vurğulayıb ki, bu gün Dağlıq Qarabağdakı qondarma qurumun “baş naziri” Araik Arutyunyanın istefa verməsi elə-belə deyil. Onun sözlərinə görə, məhz silahlıların təzyiqilə Bako Saakyan onu istefaya göndərib. Və əvəzində Qarabağ ermənilərinin narazı olduğu və istefasını tələb etdikləri MTX-nin rəisi Arşavir Qaramyanı təyin edəcək.

“Bununla da, son günlər Qarabağda baş verən məlum hadisələrin faktiki səbəbkarları nəinki vəzifədən uzaqlaşdırılmayacaq, hətta hakimiyyəti ələ keçircək”, – deyə Qriqoryan xəbərdarlıq edib.



Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərlə MTX əməkdaşları arasında qarşıdurma yaşanıb. Xankəndində məişət zəminində baş verən insident böyüyərək kütləvi hal alıb.

MTX əməkdaşları yerli ermənilərə çoxsaylı xəsarətlər yetiriblər. Yaralılar xəstəxanaya yerləşdirilib. Separatçı rejimin qanunsuz polisi isə baş verənlərə göz yumaraq heç bir müdaxilə etməyib və əksinə, döyülən yerli erməniləri həbs ediblər. Hadisə nəticəsində ümumilikdə 15 nəfər saxlanılıb. Bundan qəzəblənən ermənilər Xankəndi avtovağzalının yaxınlığındakı meydana toplaşaraq MTX əməkdaşlarının cəzalandırılmasını, bu xidmətin ümumiyyətlə ləğv edilməsini tələb ediblər.



Aksiyaçıların fikrincə, Qarabağdakı erməni xüsusi təyinatlıları özbaşınalıqla, reketliklə məşğuldur, qondarma rejimin cəza aparatı kimi fəaliyyət göstərirlər. Etirazçılar yolu bağlayaraq saatlarla nəqliyyatın hərəkətini dayandırıblar.

Vəziyyətin getdikcə gərginləşdiyini görərən separatçı rejimin nümayəndələri etirazçıları əmin etməyə çalışıblar ki, Bako Saakyan günahkarları cəzalandıracaq. Lakin aksiyaçılar dağılışmayıblar. İyunun 2-də separatçı rejimin başçısı Bako Saakyan etirazlarla əlaqədar təhlükəsizlik şurasının iclasını keçirib. Daha sonra isə o, etirazçıların nümayəndələrini qəbul edərək, onlara hadisənin araşdırılacağı və günahkarların cəzalandırılacağına söz verib.

Görünən odur ki, Bako Saakyan "separatçı lider" statusunu qorumaq üçün məmurları və hətta yerli erməniləri də qurban verməyə hazırdır. Bunun sonu isə Dağlıq Qarabağda ermənilərin bir-birini qırmasilə nəticələnə bilər.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Bako-Saakyan   Qarabağ  





Xəbər lenti