Rohinca müsəlmanlarının qayıtmasına icazə verildi

Rohinca müsəlmanlarının qayıtmasına icazə verildi
  06 İyun 2018    Oxunub:1665
Myanma hökuməti ölkədən qaçıb Banqladeşə və sərhəd ərazilərə sığınan Rohinca müsəlmanlarının geri qayıtmasına rəsmən icazə verib.

AzVision.az xəbər verir ki, bu barədə BMT-nin İnişaf Proqramı və miqrasiya məsələləri üzrə BMT Ali Komissarlığı ilə Myanma hökuməti arasında imzalanan Rohincalı qaçqınların könüllü şəkildə geri qayıtmaları üçün əməkdaşlıq barədə üçtərəli memorandumda deyilir.
Memorandumun mətni daha əvvəl razılaşdırlsa da, Myanma hökuməti onu hələ rəsmən imzalayıb təsdiq etmirdi. Sənədə əsasən, Rohinca müsəlmanlarının öz seçimlərinə uyğun olaraq doğma məskənlərinə könüllü, təhlükəsiz, ləyaqətli və davamlı qayıdışının təmin edilməsi üçün şərait yaradılması istiqamətində BMT-nin müvafiq strukturları ilə Myanma hökumətinin əməkdaşlıq çərçivəsi müəyyən olunur.

Miqrasiya məsələləri üzrə BMT Ali Komissarlığında qeyd olunub ki, bu memorandumun imzalanması Rohinca müsəlmanlarının geri qayıtması üçün Myanma hökuməti tərəfindən atılan ilk addımdır.

Qeyd edək ki, əhalisinin əksəriyyəti buddistlərdən ibarət olan Myanmada hökumət ordusu 2017-ci ilin yayında müsəlman azlıqların yaşadığı Arakan (Rakxayn ) vilayətinə hücum edərək, Rohincalılara qarşı qırğınlar törətmiş, kəndləri yandırmışdılar. Arakan Rohinca Qurtuluş Ordusu (Arsa) da öz növbəsində Myanmanın hökumət qüvvələrinə qarşı silahlı müqavimət göstərmişdi.



Arakandakı qırğınlar nəticəsində minlərlə Rohica müsəlmanı qətlə yetirilib, 600 mindən çoxu isə qonşu Banqladeşə qaçıb, yaxud sərhəd ərazidə sığınıblar. Myanma tərəfi bildirib ki, ordu Rohinca “terrorçularına" qarşı döyüşür və etnik təmizləmə aparmalari ilə bağlı iddialar yalandır.

BMT-nin hesabatına əsasən, Rohincalılar dünyada ən çox təqib olunan və şiddətə məruz qalan etnik azlıqdır. Myanma hökuməti onlara vətəndaşlıq verməkdən imtina edir, çünki Rohinca müsəlmanlarını Banqladeş və digər qonşu ölkələrdən gələn qeyri-leqal miqrantlarlar hesab edir. Bir çox ölkələrin mövqeyinə görə, Rohinca müsəlmanlarına qarşı baş verənlər soyqırımdır



Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Myanma   Rohinca   BMT  





Xəbər lenti