Avropanın lider ölkələrindən ABŞ-a etiraz

Avropanın lider ölkələrindən ABŞ-a etiraz
  06 İyun 2018    Oxunub:1265
Almaniya, Fransa, Böyük Britaniya və Avropa İttifaqının maliyyə və xarici işlər nazirləri ABŞ-ın maliyyə naziri Stiven Mnuçinə birgə yazılı məktub göndərərək, Vaşinqtonun Tehrana qarşı planlaşdırdığı sanksiyaların ikinci dalğasının Avropanın İranla nüvə sazişini qorumaq cəhdlərini pozduğunu bildiriblər.
AzVision.az xəbər verir ki, bu barədə "Wall Street Journal" məlumat yayıb. Avropalı nazirlərin məktubunda qeyd olunur ki, “Amerikanın tətbiq edəcəyi ikinci paket sanksiyalar Avropa İttifaqının İrana qarşı sanksiyaları tədricən azaltmasını davam etdirməyə mane ola bilər."

Fransanın maliyyə naziri Bruno Le Mer vurğulayıb ki, bu məktub Vaşinqtonun öz xahişinə uyğun olaraq göndərilib və ümid edir ki, Avropanın istəkləri eşidiləcək. “Cənab Mnuçin bizə məsələ ilə bağlı öz istəklərimizi bildirməyimizi demişdi, biz də elə bunu edirik. Və ümid edirik ki, Avropa şirkətlərinin qanuni biznes fəaliyyətlərini davam etdirmələri üçün ABŞ məntiqli yanaşma seçəcək” – deyə Le Mer bildirib.

Qeyd edək ki, mayın 8-də ABŞ-ın birtərəfli qaydada İranla nüvə sazişindən çıxması və sanksiyaları bərpa etməsindən sonra sazişin digər iştirakçılar, o cümlədən Avropa üçlüyü – Fransa, Almaniya və Böyük Britaniya sankiyalara rəğmən nüvə anlaşmasında qalmaqla böyük zərərlə üzləşməyəcəyinə dair Tehrana iqtisadi-siyasi zəmanət veriblər. Onlar, həmçinin İranı əmin ediblər ki, hazırkı nüvə sazişinin qorunub saxlanmasının tərəfdarıdırlar.

Lakin bununla belə, artıq bir neçə iri Avropa şirktləri İranla enerji-nəqliyyat sahəsindəki əməkdaşlığı dayanırdıqlarını bəyan ediblər.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Avropa   İran   nüvə   sanksiya  





Xəbər lenti