Tramp yenə himnin sözlərini unutdu - VİDEO

Tramp yenə himnin sözlərini unutdu - VİDEO
  06 İyun 2018    Oxunub:1671
ABŞ prezidenti Donald Tramp Ağ Evdə “Filadelfiya Qartalları” milli futbol komandası ilə birgə görüş əvəzinə keçirilən vətənpərvərlik tədbirində ABŞ-ın dövlət himni – “Tanrı Amerikanı qorusun!” mahnısının sözlərini unudub.
AzVision.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb. Belə ki, dəniz orkestri və ABŞ ordusu hərbi xorunun birlikdə ifa etdikləri himnə Tramp da qoşulub. Xorun ön sırasında dayanan Tramp mahnının yalnız ilk sətrini oxuyub və ağzını yumub. Sonra isə yalnız nəqarətlərdəki “Tanrı Amerikanı qorusun!” ifadəsini təkrarlayıb.

Yayılan video görüntülərdə ABŞ prezidentinin himnin sözlərini unutduğu açıq-aşkar görünür. Bu tragikomik situasiyada ən maraqlı məqam isə, hazırkı ABŞ administrasiyasının vətənpərvərliyini nümayiş etdirmək məqsədilə keçirilən tədbirdə himnin bitməsindən sonra Trampın “Biz ölkəmizi sevirik. Bayrağımıza hörmət edirik. Və milli himnimizi səsləndirərkən həmişə qürurla dayanırıq” sözlərini deməsi olub.



Sosial şəbəkədə yayılan görüntülər amerikalılar tərəfindən ciddi tənqidlə qarşılanıb. Əksər istifadəçilər Trampın nəinki dövlət himni, ümumiyyətlə ABŞ-ın vətənpərvər mahnılarının sözlərini bilmədiyini yazıblar.

Qeyd edək ki, bundan əvvəl də - bu ilin yanvarında Tramp Kolleclər Arası Milli Futbol Çempionatının play-off mərhələsinin final oyununda ABŞ dövlət himninin sözlərini unutmuş və sadəcə imitasiya etmişdi.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Tramp  





Xəbər lenti