Sarkisyan Qarabağ uğrunda mübarizəyə başladı

Sarkisyan Qarabağ uğrunda mübarizəyə başladı
  06 İyun 2018    Oxunub:2445
Ermənistanın sabiq prezidenti, keçmiş baş nazir Serj Sarkisyan Bako Saakyanın əli ilə Qarabağdakı separatçı rejimdə çevriliş etmək istəyir.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Dağlıq Qarabağdakı erməni siyasətçi Aleksandr Kanayan məlumat verib.

Onun sözlərinə görə, “hakimiyyətdəki” mənbələr bildirib ki, ötən gecə Serj Sarkisyanın elçisi Dağlıq Qarabağa gələrək, Bako Saakyana etirazçıların tələbi qarşısında mövqeyini qorumağı və separatçı rejimin milli təhlükəsizlik xidməti direktoru ilə polis rəisinin istefa vermələrinin qarşısını almağı tapşırıb. Yəni Sarkisyan faktiki olaraq Bakonu seçim qarşısında qoyub – “hakimiyyəti” kimə verəcək?

Lakin Kanayan deyir ki, Bako artıq Dağlıq Qarabağdakı qondarma qurumun “baş naziri” Araik Arutyunyanın istefasını qəbul edib və bununla da, həm Qarabağdakı ermənilərin, həm də Ermənistanın baş naziri Nikol Paşinyanın ziddinə gedib. Arutyunyanı kimin əvəzləyəcəyi isə hələ bilinmir.

Separatçı rejimin “Milli dirçəliş” partiyasının üzvü Tiqran Qriqoryan isə bəyan edib ki, Bako bu posta elə bu gün gözdən pərdə asmaq üçün istefa verən MTX direktoru Arşavir Karamyanı gətirəcək. Bununla da, Sarkisyanın tapşırığı icra edilmiş olacaq. O, xəbərdarlıq edib ki, hər şey plana uyğun getməsə, Saakyana qarşı separatçı rejimin xüsusi xidmət orqanlarının silahlı qiyamı baş verə bilər.

Erməni KİV-lərində, həmçinin qeyd olunub ki, Qarabağ klanından olan Serj Sarkisyan Ermənistanda siyasi məğlubiyyətlə üzləşsə də, məhz Dağlıq Qarabağ vasitəsilə gələcək proseslərə, o cümlədən Paşinyana təsir etmək niyyətindədir. Bu baxımdan Serjik Qarabağda öz adamlarının “hakimiyyətdə” qalmasında maraqlıdır. Əks halda Sarkisyan bütün rıçaqlarından məhrum olacaq.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   DağlıqQarabağ  





Xəbər lenti