Kataloniya yenə müstəqillik tələb edir

Kataloniya yenə müstəqillik tələb edir
  06 İyun 2018    Oxunub:1396
Kataloniya muxtariyyyətinin yeni seçilən rəhbəri Kim Torra İspaniyada Pedro Sançesin başçılıq etdiyi yeni hökuməti təcili surətdə Kataloniya məsələsi ilə məşğul olmağa çağırıb.
AzVision.az xəbər verir ki, bu barədə o, Kataloniya yerli hökumətinin tərkibi təsdiqlənəndən sonra muxtariyyətin parlamentindəki ilk çıxışında deyib.

“Bu məsələnin həlli vacibdir, risk etməliyik, biz başımızı qumun içində gizlətməyəcəyik. Dialoq aparmaq lazımdır... Biz demokratik və dinc yol keçdik. Amma İspaniya dövləti eyni şeyi deyə bilməz... Bizə dedilər ki, təslim olun. Bu, o deməkdir ki, onlar dialoq istəmirlər. dünyanın heç bir yerində dialoq naminə kapitulyasiya tələb etmirlər”, - deyə Torra deputatlar qarşısında bəyan edib.

Kataloniya rəhbəri vurğulayıb ki, onların yekun məqsədi müstəqil respublikanın yaradılmasıdır. Bunun üçün ilk növbədə onlara mane olan bir sıra məhdudiyyətlərdən azad olmağa çalışacaqlar. Torranın başçılıq etdiyi Kataloniya hökuməti İspaniya konstitusiyasının muxtar vilayət üzərində birbaşa idarəçiliyini nəzərdə tutan 155-ci maddəsindən yaxa qurtarmağa hazırlaşır.

Torro bildirib ki, bunun əvəzində ötən ilin 1 oktyabrında Kataloniyanın müstəqilliyinə dair keçirilən referendumda (həmin referendumda seçicilərin cəmi 42 faizi iştirak etmişdi və onların da 90 faizi müstəqillyin lehinə səs vermişdilər) vətəndaşlardan əldə etdikləri mandatla muxtariyyəti idarə edəcəklər. Torra bu məqsədlə, özünüidarənin inkişafı üzrə Komissiya yaradacaqlarını bəyan edib.

Qeyd edək ki, mayın ortasında Kim Torranın Kataloniyaya rəhbər seçilməsilə 7 aydan sonra muxtariyyət yenidən öz hökuməti ilə idarə olunur. “Kataloniya naminə Birlikdə” partiyasının üzvü olan Torranın yerli hökumətə rəhbərlik üçün namizədliyini Kataloniyanın İspaniyadan qaçmış sabiq lideri, oktyabrdakı müstəqillik referendumunun müəllifi Karlos Puçdemon şəxsən özü irəli sürmüşdü.

O, da Puçdemon kimi müstəqillik tərəfdarıdır. Hələ seçkiqabağı kampaniyasında Madridlə dialoq nəticəsində olsa belə, Kataloniya respublikasının yaradılmasına nail olmağı planlaşdırdığını demişdi. Muxtariyyətin rəhbəri seçildikdən sonra isə andiçmə mərasimindəki çıxışında Torra, nə İspaniya kralı, nə də ölkə konstitusiyasının adını hallandırmışdı.

Bu səbəbdən Kim Torranın Kataloniya hökumətinin rəhbəri seçilməsini o zaman rəsmi Madrid elə də xoş qarşılamamışdı. İspaniyanın sabiq baş naziri Mariya Raxoy isə bildirmişdi ki, Torra da Puçdemonun yolu ilə gedərsə, konstitusiyanın 155-ci maddəsini yenidən işə salaraq, Kataloniyanın idarəçiliyini birbaşa mərkəzi hökumətin nəzarətinə verəcək. Raxoyun istefasından sonra isə Torra yeni baş nazir Sançeslə müstəqillik məsələsini yoluna qoyacağına ümid edir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İspaniya   Kataloniya  





Xəbər lenti