Saakyandan istefa verən separatçıların yerinə "təyinatlar"

Saakyandan istefa verən separatçıların yerinə "təyinatlar"
  07 İyun 2018    Oxunub:1970
Azərbaycanın Emənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində fəaliyyət göstərən separatçı rejimin milli təhlükəsizlik və polis xidmətinə yeni təyinatlar olub.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, separatçıların lideri Bako Saakyan MTX-nın istefa vermiş direktoru, general-leytenant Arşavir Karamyanın əvəzinə polkovnik Samvel Şahramanyanı, polis xidmətinin istefa vermiş rəisi, general-mayor Kamo Ağacanyanın yerinə isə polkovnik İqor Qriqoryanı təyin edib.

Bakonun tapşırıği ilə, həmçinin, Dağlıq Qarabağdakı qondarma qurumun istefa vermiş “baş naziri” Araik Arutyunyanın yerinə “maliyyə naziri” postunu tutan Qriqori Martirosyan gətirilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərlə MTX əməkdaşları arasında qarşıdurma yaşanıb. Xankəndində məişət zəminində baş verən insident böyüyərək kütləvi hal alıb.

MTX əməkdaşları yerli ermənilərə çoxsaylı xəsarətlər yetiriblər. Yaralılar xəstəxanaya yerləşdirilib. Separatçı rejimin qanunsuz polisi isə baş verənlərə göz yumaraq heç bir müdaxilə etməyib və əksinə, döyülən yerli erməniləri həbs ediblər. Hadisə nəticəsində ümumilikdə 15 nəfər saxlanılıb. Bundan qəzəblənən ermənilər Xankəndi avtovağzalının yaxınlığındakı meydana toplaşaraq MTX əməkdaşlarının cəzalandırılmasını, bu xidmətin ümumiyyətlə ləğv edilməsini tələb ediblər. Aksiyaçıların fikrincə, Qarabağdakı erməni xüsusi təyinatlıları özbaşınalıqla, reketliklə məşğuldur, qondarma rejimin cəza aparatı kimi fəaliyyət göstərirlər.

Lakin Serj Sarkisyanın Bako Saakyana xüsusi xidmət orqanları rəislərinin istefasının qarşısını almaq, yaxud onlara başqa vəzifə vermək tapşırığına rəğmən, etirazlar nəticəsində MTX və polis xidməti rəisləri istefa verib.

Leyla Elbrusqızı
AzVision.az



Teqlər: Ermənistan   DağlıqQarabağ  





Xəbər lenti