Senatorlar İlham Əliyevi təbrik etdi

  11 Oktyabr 2013    Oxunub : 372
Senatorlar İlham Əliyevi təbrik etdi
Amerika Birləşmiş Ştatlarının senatorları Prezident İlham Əliyevi seçkilərdə inamlı qələbəsi münasibətilə təbrik ediblər.
Azvsison.az xəbər verir ki,Amerika Birləşmiş Ştatlarından olan bir qrup senator - Klif Branan, Rob Conson, Brandt Herşman (İndiana ştatı) və Meri Key Peypn (Nyu-Meksiko ştatı) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi 9 oktyabr seçkilərində qazandığı parlaq qələbə münasibətilə təbrik ediblər.

Oklahoma ştatından olan senator Klif Brananın təbrik məktubunda deyilir: "Hörmətli cənab Prezident Əliyev! Sizi yenidən Prezident seçilməyiniz və Azərbaycan xalqını vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi istiqamətində atdığı növbəti mühüm addım münasibətilə təbrik edirəm. Demokratik prosesin əhəmiyyətli bir hissəsi olan ümumxalq seçkiləri seçicilərə seçim etmək imkanı yaradır. Azərbaycan seçiciləri bu imkandan səmərəli istifadə etmişlər".

Həmin ştatdan olan senator Rob Conson yazır: "Ortaq strateji maraqlara əsaslanan ölkələrimiz güclü tərəfdaşlıq əlaqələrinə malikdirlər. ABŞ ilə Azərbaycan ekstremizmin yayılmasının qarşısının alınması, dünyada tolerantlığın və tərəqqinin inkişafı uğrunda birgə fəaliyyət göstərir. Bir amerikalı kimi mən ölkənizin ABŞ-ın Əfqanıstan, İraq və Kosovodakı sülhyaratma əməliyyatlarına mühüm dəstəyini yüksək qiymətləndirirəm. Cənab Prezident, Sizi yenidən ali dövləti vəzifəyə seçilməyiniz münasibətilə təbrik edir, uğurlar arzulayıram. Əminəm ki, ABŞ-Azərbaycan əlaqələri bundan sonra da inkişaf edəcəkdir".

İndiana ştatını təmsil edən senator Brandt Herşman məktubunda deyir: "Cənab Prezident, Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm. Bizim Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində birgə səylərimiz Trans-Adriatik boru kəməri layihəsinin (TAP) "Cənub qaz dəhlizi"nin Avropaya qaz nəqli marşrutu kimi seçilməsi ilə bağlı bu yaxınlarda verilmiş qərardan faydalanmaqdadır. ABŞ və bizim avropalı müttəfiqlərimiz bu cür enerji məsələlərində Azərbaycanın liderliyini tanıyır. Əminik ki, Azərbaycan bu liderliyini əzmlə qoruyub inkişaf etdirəcəkdir".

Seçkilərdə inamlı qələbə qazanan Prezident İlham Əliyevi təbrik edən Nyu-Meksiko ştatından senator xanım Meri Key Peypn isə yazır: "ABŞ ilə Azərbaycanı müxtəliflik, tolerantlıq, azlıqlara və gender hüquqlarına hörmət kimi bir çox məsələlərdə ortaq dəyərlər birləşdirir. Hər bir demokratik sistemin əsası olan bu fundamental dəyərlərin Azərbaycan cəmiyyətində dərin köklərə malik olduğunu təsdiqləyir, Azərbaycanın dostu olaraq Sizə və xalqınıza ölkənizi inkişaf etdirmək səylərinizdə uğurlar arzulayıram".

Teqlər: