ABŞ Ərəbistandan neft istehsalını artırmağı tələb edib

ABŞ Ərəbistandan neft istehsalını artırmağı tələb edib
  08 İyun 2018    Oxunub:1245
Donald Tramp hələ 8 mayda İranla nüvə sazişindən çıxmazdan əvvəl ABŞ Səudiyyə Ərəbistanından neft istehsalı həcmini artırmağı xahiş edib.

AzVision.az xəbər verir ki, bu barədə ABŞ administrasiyasındakı etibarlı mənbələr “Reuters”ə məlumat verib.
Vaşinton ehtiyat edib ki, İranla nüvə sazişindən çıxmaq qərarı dünya bazarında neftin qiymətlərinə təsir edə bilər. Ona görə də, ABŞ prezidenti administrasiyasının nümayəndəsi 7 mayda Səudiyyə Ərəbistanının vəliəhd şəhzadəsi Məhəmməd ibn Salman əl-Səuda zəng edərək, neft istehsalının artırılmasını müzakirə edib.

Ağ Ev yayılan mləumatı şərh etməkdən imtina edib. Lakin Səudiyyənin adının çəkilməsini istəməyən yüksək vəzifəli məmuru təsdiq edib ki, Trampın İranla nüvə sazişindən çıxacağını rəsmi Ər-Riyad çıxdan bilirdi və ona bu barədə Vaşinqton əvvəlcədən məlumat verilmişdi. Həmçinin qeyd edilib ki, ABŞ və Səudiyyə Ərəbistanı dünya neft bazarının sabitliyi barədə həmişə dialoq aparıb.

Qeyd edək ki, 8 mayda ABŞ İranla nüvə sazişindən birtərəfli qaydada çıxdığını və Tehrana qarşı sanksiyaları bərpa etdiyini bəyan edib. 22 mayda isə ABŞ dövlət katibi Mayk Pompeo İranı daha ağır sanksiyalarla təhdidi edərək, yeni nüvə sazişinin imzalanması üçün tehran qarşısında 12 şərt irəli sürüb. Bu tələblər sırasına ballistik raketlərin hazırlanmasını dayandırmaq, İranda həbsdə saxlanılan amerikalıları azadlığa buraxmaq, Suriyadan qoşunları çıxarmaq, Yaxın Şərq və ondan kənarda silahlı birləşmələr və terrorçuları dəstəkləməyə son qoymaq və s. daxildir.


Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Səudiyyə   İran   nüvə   neft  





Xəbər lenti