“Azərbaycan Ermənistanı blokadada saxlayır” - Erməni nazir

  08 İyun 2018    Oxunub : 1912
“Azərbaycan Ermənistanı blokadada saxlayır” - Erməni nazir
"Qarabağ bizim üçün konkret insanların – Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyi məsələsi olub və bu cür də qalır"

AzVision.az xəbər verir ki, bu sözləri Ermənistanın xarici işlər naziri Zohrab Mnaçakanyan “Kommersant”a müsahibəsində deyib. Sualları cavablandıran Mnaçakanyan Ermənistanın həmişəki ənənəvi destruktiv mövqeyinə sadiq qalaraq, münaqişənin həll olunmamasında Azərbaycanı günahlandırıb.
Onun sözlərinə görə, Dağlıq Qarabağın təhlükəsizliyi və statusu Ermənistan üçün ən önəmli məsələdir: “Biz ağıllı insanlarıq və Dağlıq Qarabağın təhlükəsizliyi və statusuna dair narahatlığımızla əlaqədar suallar verməyə ciddi əsasımız var. Bizə sülh şəraitində yaşayan region lazımdır. Amma bu sülh bizim insanlarımızın təhlükəsizliyi bahasına əldə olunmamalıdır. Bax, bu çərçivədə biz bütün regionun sülh və təhlükəsizliyi üçün danışıqlar prosesini davam etdirmək istəyirik” – deyə Mnaçakanyan bildirib.

Dağlıq Qarabağ münaqişəsinin həllində kompromisslərə doğru hərəkət etmək nə dərəcədə mümükündür?” sualına Mnaçakanyanın cavabı belə olub: “Kompromisslərə doğru hərəkət mümkündür və inanıram ki, regionda sülh və sabitlik hamı üçün vacibdir. Lakin fikir vermisinizsə, biz daha bir məqama diqqət yetiririk – danışıqlar prosesi sülhü təşviq edən atmosferdə getməlidir.”

Ermənistan xarici işlər naziri “əgər Azərbaycan Avrasiya İqtisadi Birliyi ilə yaxınlaşsa, Ermənistanın mövqeyi necə olacaq?” sualını da cavablandırıb və bildirib ki, Azərbaycan bu gün Ermənistanı blokadada saxlayan ölkədir.

“Əməkdaşlıq məsələsinə gəldikdə biz mövcud reallığı nəzərə almaya bilmərik. Reallıq isə odur ki, bütün növ əlaqələrdən tam imtina olunduğu bir vəziyyət var. Hətta insani əlaqələrdən və mən hələ heç iqtisadi əlaqələrdən danışmıram. Yaxşı bəs onda biz nədən danışırıq? Avrasiya İqtisadi Birliyindəki ölkələrdən birini iqnor edən dövlətin müşahidəçi olmağından? Həmin ölkə ilə danışmağa dəyməz deyən dövlətdən? Avrasiya İqtisadi Birliyi - əməkdaşlıq təşkilatıdır. Siz bizdən nə gözləyirsiniz?".

Görünür, Ermənistanın yeni xarici işlər naziri sələfi Edvard Nalbandyanın yolunu getməkdə qərarlıdır. Əks təqdirdə, “sülh” istəyən “diplomat” münaqişənin mahiyyətinə və əsl reallığa zidd bəyanatlar səsləndirməz. Əsl reallıq isə odur ki, Ermənistan məhz Azərbaycan torpaqlarını işğal etdiyinə və bu işğalı davam etdirdiyinə, Dağlıq Qarabağ münaqişəsi ətrafındakı status-kvonu saxladığına görə regiondakı bütün iqtisadi-ticari layhələrdən təcrid vəziyyətinə düşüb. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, konstruktiv əməkdaşlığa, hətta çökən Ermənistan iqtisadiyyatının dirçəlişinə kömək etməyə, regionda hərtərfəli qarşılıqlı iqtisadi inteqrasiyaya hazırdır. Amma bunun üçün ilk növbədə Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı, işğala son qoyulmalıdır. Bu mənada, Azərbaycanı ittiham edən Mnaçakanyan yəqin unudur ki, regionda sülh və sabitliyə ən başlıca təhlükə onun ölkəsinin işğalçı siyasətidir.

Erməni nazir unutmamalıdır ki, qarşılıqlı etimad tədbirlərinin gücləndirilməsi və Ermənistan-Azərbaycan cəmiyyətləri arasında xalq diplomatiyasının – sülh platformasının ilk təşəbbüskarı və icraçısı da Azərbaycandır. Ermənistan isə Bakının təklif etdiyi xalq diplomatiyasını nəinki rədd edib, hətta onu dəstəkləyən erməni vətəndaşları, ictimai xadimlərini təqib və təhdid edir.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: Ermnistan   Azərbaycan   DağlıqQarabağ