AMEA 6 alimi mükafatlandırdı

AMEA 6 alimi mükafatlandırdı
  08 İyun 2018    Oxunub:2102
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) görkəmli elm adamlarının adlarını daşıyan mükafatlarına layiq görülmüş alimlər bəlli olub.
Akademiyadan AzVision.az-a verilən məlumata görə, AMEA Rəyasət Heyətinin bu gün keçirilmiş növbəti iclasında 6 alimin mükafatlarla təltif olunması haqqında qərar qəbul edilib.

Yarımkeçiricilərdə elektrik keçirmə mexanizminin aktual problemlərinə həsr olunan fundamental elmi tədqiqatlarına, nadir torpaq elementləri ilə aktivləşdirilmiş birləşmələr əsasında effektiv rəngli lümenessent şüalanma mənbələrinin tədqiqinə verdiyi mühüm töhfələrə görə akademik Bahadur Tağıyev AMEA-nın Nəsirəddin Tusi adına, biomüxtəliflik üzrə müasir elm sahələrində uzunmüddətli silsilə tədqiqatlarla əldə etdiyi mühüm elmi nailiyyətlərə və yüksəkixtisaslı kadrların hazırlanmasındakı xidmətlərinə görə AMEA-nın müxbir üzvü Zeynal Əkpərov AMEA-nın Həsən bəy Zərdabi adına, qeyri-kovalent əlaqələrin, "dopinq" və "spayder" effektlərinin zərif üzvi sintez reaksiyalarında və molekulların dizaynında rolunun müəyyən edilməsində, aktiv nano quruluşların sintezi, müxtəlif mühitlərdə stabilləşdirməsi və tətbiqi sahəsində tədqiqatlara görə akademik Abel Məhərrəmov AMEA-nın akademik Yusif Məmmədəliyev adına mükafatına layiq görülüb.

Azərbaycan incəsənətində böyük xidmətlərinə görə xalq rəssamı Tahir Salahov AMEA-nın akademik Üzeyir Hacıbəyli adına, Azərbaycanda palçıq vulkanizmi sahəsində fundamental tədqiqatların inkişafına verdiyi mühüm töhfələrə görə geologiya-mineralogiya üzrə elmlər doktoru Adil Əliyev AMEA-nın akademik Musa Əliyev adına və Azərbaycan qədim dövr tarixinin tədqiqi və təbliğində xidmətlərinə görə akademik Nailə Vəlixanlı AMEA-nın Abbasqulu ağa Bakıxanov adına mükafatına layiq görülüblər.

Qeyd edək ki, qaliblərin hər birinə 5 min manat məbləğində pul mükafatı veriləcək.

Aytən Zəhra
AzVision.az


Teqlər: AMEA  





Xəbər lenti