Heyvanların günü 25 manata qaldığı oteldən REPORTAJ (FOTOLAR)

Heyvanların günü 25 manata qaldığı oteldən REPORTAJ (FOTOLAR)
  08 İyun 2018    Oxunub:42037
Bakıdan 15 kilometr aralıda heyvanlar üçün xüsusi otel fəaliyyət göstərir. Əsasən it və pişiklərin saxlanıldığı oteldə onlar üçün hər bir şərait yaradılıb. Təəccüblü görünsə də, oteldə heyvanların istirahəti üçün xüsusi məkan, bərbərxana da var. Bir sözlə, orada heyvanlara elə qulluq edilir ki, görənlər mat- məətəl qalır.
2009-cu ildən fəaliyyət göstərən Azərbaycan Heyvanları Xilasetmə Mərkəzinin oteli haqqında mərkəzin direktor müavini Vüsalə Ali AzVision.az-a ətraflı məlumat verib. Onun sözlərinə görə, otelə yerləşdirilən heyvanlara 24 saat xidmət göstərilir.

“Heyvan sahibləri bir neçə günlük səfərə və ya istirahətə gedəndə ev heyvanlarını otelimizə qoyub gedə bilərlər. Otel ikinövbəli rejimdə işləyir, yəni heyvanlar 24 saat nəzarətdə olurlar. Buranın “qonaq”larına 20-yə yaxın işçi xidmət edir. Pişiklər üçün 20-25, itlər üçün 30-dan çox otaq var.”



Ev heyvanlarını otelə yerləşdirməzdən əvvəl onların sahibləri bəzi şərtləri bilməlidir. Ən vacib şərt heyvanların peyvəndli olmasıdır.

“Əgər bir heyvanda xəstəlik varsa, başqalarına da yoluxa bilər. Burada qalan digər dörd ayaqlı qonaqların hər biri peyvəndlidir. Oteldə baytar həkimlər - cərrah və terapevt fəaliyyət göstərir. Heyvanlar burada olduqları müddətdə xəstələnərlərsə, sahiblərinin icazəsi ilə onlara lazımi tibbi yardım göstərilir”.



Oteldə qiymətlər ev heyvanının it və ya pişik olmasından, nə qədər qalmasından asılı olaraq dəyişir. Pişiklər günü 15, itlər isə 25 manata oteldə gecələyə bilər. Heyvanın yeməyi özü ilə gətirilirsə, bu, sahibinə ucuz başa gəlir. Qalma müddəti 2 həftədən 3 aya kimi olarsa, endirimlər edilir. Bununla yanaşı bəzi aksiyalar da keçirilir.



Məsələn, oteldə 7 gecə qalan heyvana 1 gecə pulsuzdur. Qiymətlərə səhər yeməyi üçün düyü, yer kökü və file qarışıq kaşa, günorta yeməyi üçün file və jele “Viskas”, axşam yeməyi üçün yenə file daxildir. Oteldə pişiklərə sümük vermək olmaz. Sümüyü tam çeynəyə bilmədikləri üçün mədələrinə ziyan ola bilər. Sadəcə, arada toyuğun bud sümüyünü vermək olar ki, bu da pişiyin dişlərinə xeyirdir.

İt və pişiklərin otelində mətbəx, camaşırxana, gəzinti üçün park, attraksionlar və gözəlik salonu var. Heyvanlar otelin həyətindəki hovuzda çimə də bilərlər.



Heyvanlar üçün hər cür şəraitin olduğu otel indi problemlə üzləşib. Vüsalə Ali deyir ki, mərkəzin ən böyük problemi maliyyədir.

“Əfsuslar olsun ki, bu günə kimi bizə maliyyə dəstəyi göstərən sponsor martın ayının birindən əlini üstümüzdən çəkib. Bu da işçilərimizin sayına təsir göstərib. Mərkəz heyvansevər insanların dəstəyi ilə fəaliyyətini davam etdirir. Müəyyən dövlət qurumları mərkəzə maraq göstərsə, yaxşı olar. Biz buna ümid edirik”.



















Ülviyyə Çingizzadə
Xəyalə Cəfərova

AzVision.az


Teqlər: İt   Pişik   Otel  





Xəbər lenti