Tramp Rusiyanı “G8”-ə qaytarmaq istəyir

  08 İyun 2018    Oxunub : 600
Tramp Rusiyanı “G8”-ə qaytarmaq istəyir
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Rusiyanı “Böyük səkkizliyin” (G8) tərkibinə geri qaytarmaq lazımdır.

AzVision.az “Bloomberg”ə istinadən xəbər verir ki, bunu Tramp G7 (Böyük yeddilik”) samitində iştirak etmək üçün Kanadaya getməmişdən əvvəl jurnalistlərə açıqlamasında deyib.
“Kiminsə xoşuna gəlsə də, gəlməsə də - bəlkə də, siyasi cəhətdən bu ifadə düzgün deyil - amma Rusiya G7 danışıqlar masasının arxasında əyləşməlidir. Çünki biz dünyanı idarə etməliyik. İndi G7 var, Rusiyanı qovmazdan əvvəl o, G8 idi. Amma G7 Rusiyanı qaytarmalıdır. Rusiya danışıqlarda bizə lazımdır. Rusiya bu görüşdə iştirak etməlidir. Əgər Rusiya yoxdursa, biz görüşü niyə keçiririk? Mən onlara (G7 üzvlərinə) bunu məsləhət görəcəm, bu, onlardan asılıdır. Amma Rusiya görüşdə iştirak etməli, onun bir hisəsi olmalıdır” – deyə Tramp bildirib.

"Reuters" xəbər verir ki, bu gün və sabah Kanadanın Kvebek şəhərində keçiriləcək G7 ölkələri dövlət başçılarının sammitində Rusiya da təmsil olunacaq. Lakin 2 gün əvvəl Almaniya kansleri Angela Merkel bəyan etmişdi ki, Rusiyanın G8 formatına qoşulması hələlik mümkün deyil.

Qeyd edək ki, 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqından sonra ABŞ, Almaniya, Kanada, Fransa, Böyük Britaniya, Yaponiya və İtaliya G8 çərçivəsində Rusiya ilə birgə işləməkdən imtina edib. Həmin vaxtdan etibarən bu ölkələrin liderləri G7 formatında toplanırlar.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: ABŞ   Rusiya   G8   G7