Tramp-Kim görüşünün gündəliyi açıqlandı

Tramp-Kim görüşünün gündəliyi açıqlandı
  11 İyun 2018    Oxunub:1895
Sabah Sinqapurda keçiriləcək tarixdəki ilk ABŞ-Şimali Koreya sammiti bu ölkələrin liderləri – Donald Trampla Kim Çen Inın yalnız tərcüməçilərin iştirak edəcəyi təkbətək görüşü ilə başlayacaq.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı Ağ Ev yayıb. Bildirilib ki, Trampla Kim Çen Inın görüşü Sinqapur vaxtı ilə səhər saat 09:00-da olacaq. Təkbətən görüşdən sonra baş tutacaq geniş tərkibli görüşdə isə ABŞ tərəfindən dövlət katibi Mayk Pompeo, Ağ Ev aparatının rəhbəri Con kelli və Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con bolton da iştirak edəcəklər.

İşçi nahara isə Ağ Evin sözçüsü Sara Sanders, ABŞ-ın Filippindəki səfiri Sun Kim və Milli Təhlükəsizlik Şurasında Asiya üzrə baş direktor Mett Pottinqer də qatılacaqlar.

Qeyd edək ki, sabah Sinqapurdakı ABŞ-Şimali Koreya ikitərəfli sammitinin başlıca mövzusu Koreya yarımadasında sülhə nail olmaq və Şimali Koreyanın nüvəsizləşdirilməsidir. Sinqapur görüşünə hazırlıq mərhələsində Pxenyan Vaşinqtondan tələb etmişdi ki, sammitdə ABŞ-la diplomatik əlaqələr qurulması və sanksiyaların aradan götürülməsinə dair razılıq əldə olunmalıdır. ABŞ prezidenti Donald Tramp isə görüşün uğurlu keçəcəyi təqdirdə, Pxenyanla sülh müqaviləsi imzalanacağını istisna etməyib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Koreya   ABŞ   Sinqapur   nüvə  





Xəbər lenti