Trampla Kim razılaşdı - “Görüş fantastik keçdi”

Trampla Kim razılaşdı - “Görüş fantastik keçdi”
  12 İyun 2018    Oxunub:1264
ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In Sinqapurdakı sammit çərçivəsində ikitərəfli müqavilələr və görüşün yekun sənədini imzalayıblar.

AzVision.az xəbər verir ki, imzalama mərasimində Kim Çen In Amerika ilə olan əvvəlki münasibətlərin tarixdə qaldığını və Trampla tarixi sənədlər imzaladıqlarını deyib.
Şimali Koreya lideri dünyanın bundan sonra əsaslı dəyişikliklərə şahidlik edəcəyini bəyan edib. Tramp isə öz növbəsində jurnalistlərin “Koreya yarımadasının nüvəsizləşdirilməsilə bağlı razılığa gəldinizmi?” sualına “bu prosesi tezliklə başlayacağıq, tamamilə tez bir zamanda” cavabını verib.

Trampın sözlərinə görə, sammitin nəticələri teziklə öz bəhrəsini verəcək, çünki imzaladıqları sənədlər hərtərəflidir.

“İkitərəfli dialoq üçün böyük əmək sərf edilib. Görüş fantastik keçdi. ABŞ-ın Şimali Koreya və bütövlükdə Koreya yarımasıdası ilə münasibətləri əvvəllər mövcud olan vəziyyətdən daha fərqli olacaq, çünki hər iki tərəf nələrəsə nail olmaq və birgə nəsə etmək istəyir. Biz ölkələrimiz arasında xüsusi bağı inkişaf etdiririk. İnsanlar bundan xoşbəxt olacaqlar, çünki dünya üçün olduqca təhlükəli və böyük problemin öhdəsindən gəlmək qərarı vermişik”, – deyə Tramp bildirib. O, Kim Çen Inı Ağ Evə dəvət edəcəyini də deyib.

Sənədlərin konkret hansı məsələləri əhatə etdiyi və detalları açıqlanmayıb. İmzalanma mərasimindən sonra Trampla Kim Çen In əl sıxaraq, nikbin ortamda zalı tərk ediblər. Bununla da, Sinqapurdakı ABŞ-Şimali Koreya tarixi sammiti başa çatıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Tramp   Kim-Çen-In   ABŞ   Şimali-Koreya  





Xəbər lenti