Ruhani Kim Çen In kimi etməyəcək - Tehrandan xəbərdarlıq

Ruhani Kim Çen In kimi etməyəcək - Tehrandan xəbərdarlıq
  12 İyun 2018    Oxunub:1623
Sinqapurdakı sammitdən fərqli olaraq, İran prezidenti Həsən Ruhani ilə ABŞ prezidenti Donald Tramp arasında görüşün keçirilməsi mümkünsüzdür.

AzVision.az xəbər verir ki, bu barədə İran parlamentinin milli təhlükəsizlik komitəsinin üzvü Hüseyn Nakvi Hüseyni deyib.
“ABŞ özü İranla münasibətləri kəsdi, onlar nüvə sazişindən çıxdılar və yenidən Tehrana sanksiyalar qoydular. Hesab edirəm ki, Şimali Koreya lideri Kim Çen Inla olduğu kimi, Trampla Ruhani arasında görüş keçirilməsi tamamilə mümükün deyil, bu, baş verməyəcək”, – deyə Hüseyni vurğulayıb.

Tehranın nüvə sazişinə əməl etdiyini deyən iranlı deputat, bu kontekstdə Pxenyana gözdə-qulaqda olmağı məsləhət edib: “Şimali Koreya ABŞ-la diqqətli olmalıdır, çünki onlar vədlərinə sadiq qalmırlar. Bunun ən böyük sübutu nüvə sazişindən çıxmalarıdır. Uzun danışıqlar prosesindən və beynəlxalq razılıq əldə olunduqdan sonra Vaşinqton ondan çıxdı”.

Hüseyninin sözlərinə görə, ABŞ Şimali Koreyaya verdiyi öhdəliklərdən hər an imtina edə bilər.

Qeyd edək ki, Sinqapurda keçirilən ABŞ-Şimali Koreya tarixi sammiti yekun sənədin imzalanmasilə başa çatıb. Trampla Kim Çen In sammit çərçivəsində bəyan ediblər ki, bundan sonra ABŞ-la Şimali Koreya arasındakı münasibətlər əvvəlkindən daha fərqli olacaq və sammitin nəticələri tezliklə müsbət nəticələrini verəcək.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   İran   Koreya   nüvə  





Xəbər lenti