Netanyahu növbəti dəfə dindirilib

Netanyahu növbəti dəfə dindirilib
  12 İyun 2018    Oxunub:1037
İsrail polisi korrupsiya, fırıldaqçılıq və səlahiyyətlərdən sui-istifadədə ittiham olunan baş nazir Benyamin Netanyahunu yenidən – üçüncü dəfə dindirərək ifadəsini alıb.
AzVision.az “İzvestiya”ya istinadən xəbər verir ki, Netanyahuya yaxın ətrafının İsraildəki ən böyük “Bezek” telekommunikasiya şirkətinin rəhbərliyilə korrupsiya münasibətlərinə dair suallar verilib.

“Bezek”də korrupsiya araşdırması aparan polis bundan əvvəl Netanyahunun xanımını da dindirmişdi. “Bezek”lə bağlı korrupsiya işinin əsas fiqurları Netanyahunun sabiq mətbuat katibi Nir Hefeç, Rabitə Nazirliyinin keçmiş baş direktoru Şlomo Filber və “Bezek” şirkətinin sahibi Şaul Eloviçdir.

İstintaqçılar sübut etməyə çalışırlar ki, Netanyahu administrasiyasının məmurları “Bezek” telekommunikasiya şirkətinin maraqlarını təmin və təşviq ediblər. Bunun əvəzində isə şirkət Walla nüfuzlu xəbər portalında İsrail hökuməti başçısının – Netanyahunun fəaliyyətinin müsbət təbliğatilə məşğul olub. Polis əldə etdiyi materialları İsrail baş prokurorluğuna təqdim edərək, Netanyahuya qarşı korrupsiya və fırıldaqçılıq, etibardan sui-istifadə üzrə ittiham irəli sürülməsini təklif edib.

Netanyahu və onun ailə üzvləri biznesmenlərdən böyük məbləğdə rüşvət almaqda da ittiham olunur. Lakin iddiaları rədd edən Netanyahu ölkədəki bəzi media qurumlarını hökuməti gözdən salmağa çalışmaqda günahlandırır.

Qeyd edək ki, 2017-ci ildə Netanyahunun sağ əli olan David Bitan korrupsiya araşdırmaları səbəbindən istefa verməyə məcbur olmuşdu.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İsrail   korrupsiya  





Xəbər lenti