Şimali Koreyanın nüvəsizləşməsi 20 il çəkəcək

Şimali Koreyanın nüvəsizləşməsi 20 il çəkəcək
  12 İyun 2018    Oxunub:1183
Koreya yarımadasının nüvə silahından tam azad olması 15-20 il vaxt aparacaq.
AzVision.az xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) təhlükəsizlik sahəsində siyasətə nəzarət və koordinasiyası departamentinin rəhbəri Tarık Rauf bəyan edib.

“Hesab edək ki, Şimali Koreyanın 10 və ya 20 nüvə bombası var. Əgər bu vəziyyəti ABŞ və Rusiyanın böyük təcrübəsilə müqayisə etsək, hətta yüksək texnoloji hazırlığa malik bu ölkələr belə ayda cəmi 1-2 atom bombasını söküb sıradan çıxara bilərlər. Amma texniki cəhətdən ABŞ və Rusiya qədər inkişaf etməyən Şimali Koreya nüvə başlıqlarını eyni müddətdə sökə bilməz.

Nüvə bombaları 6 minə yaxın hissədən ibarətdir və təkcə başlığın sökülməsi üçün 2-3 il vaxt gedəcək. Həmçinin nüvə infrastrukturlarının sıradan çıxarılması da var. Yaddan çıxarmayaq ki, Şimali Koreya heç də kiçik əraziyə malik ölkə deyil. Qeydiyyatdan kənar heç bir nüvə silahının qalmadığını təsdiqləmək üçün bütün Şimali Koreya ərazisi üzrə yoxlamalar aparılmalıdır ki, bunun özü də kifayət qədər vaxt tələb edir” – deyə Tarık Rauf bildirib.

AEBA nümayəndəsi vurğulayıb ki, Şimali Koreyanın nüvəsizləşdirilməsi məsələsində “üçlük” – ABŞ-Rusiya-Çin formatı daha uyğundur, nəinki Yaponiya və Cənubi Koreyanın iştirakilə ənənəvi “altılıq” formatı. Lakin onların da əməkdaşlığından istifadə edilməlidir.

Qeyd edək ki, bu gün Sinqapurda keçirilən ABŞ-Şimali Koreya tarixi sammiti yekun sənədin imzalanmasilə başa çatıb. Sənədə görə, Şimali Koreya rəhbərliyi nüvəsizləşməyə sadiq olduğu müddətdə ABŞ-ın onun təhlükəsizliyinə zəmanət verməklə bağlı öhdəlik götürüb. Trampla Kim Çen In sammit çərçivəsində bəyan ediblər ki, bundan sonra ABŞ-la Şimali Koreya arasındakı münasibətlər əvvəlkindən daha fərqli olacaq və sammitin nəticələri tezliklə müsbət nəticələrini verəcək.

Sinqapur sammitindən sonra Rusiya “altılıq” formatında Koreya yarımadasının nüvəsizləşdirilməsinə dair danışıqların bərpa olunmasını təklif edib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Koreya   nüvə   sammit  





Xəbər lenti