Rusiya ABŞ siyasətçilərinə sanksiya tətbiq edəcək

Rusiya ABŞ siyasətçilərinə sanksiya tətbiq edəcək
  12 İyun 2018    Oxunub:1545
ABŞ-ın Rusiyaya qarşı sanksiyaları genişləndirməsinə cavab olaraq, Moskva adekvat cavab tədbirləri görəcək.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bəyan edib.

“Əlbəttə, ABŞ-ın sanksiyalarına qarşı cavab tədbirləri görəcəyik, çünki indiki vəziyyət özü bunu tələb edir. Amerikanın sonuncu dəfə sanksiyalar siyahısına salaraq məhdudiyyətlər tətbiq etdiyi fiziki və hüquqi şəxslərə bizim vətəndaşlarımız daxildir” – deyə Ryabkov bildirib. O, həmçinin vurğulayıb ki, cavab olaraq əks-sanksiyalar tətbiq edərkən Moskva olduqca aqressiv anti-Rusiya mövqeyilə seçilən Amerika dövlət və biznes adamlarını hədəf seçəcək.

Xatırladaq ki, 2014-cü ildə Krımın ilhaqına görə ABŞ və Avropa ölkələri Rusiyaya qarşı silsilə sanksiyalar təbiq edib və zamanla sanksiyaların siyahısı daha da genişləndirilərək bir çox rusiyalı dövlət və iş adamlarını, iri iqtisadi və hərbi şirkətlərini əhatə edib. ABŞ Maliyyə Nazirliyi sonunucu dəfə Rusiyaya qarşı sanksiyalar siyahısına daha 3 fiziki şəxs və 5 şirkətin adını salıb.

Ötən ay isə Rusiya Dövlət Duması Qərb ölkələrinə qarşı əks-sanksiyaları nəzərdə tutan “ABŞ və digər xarici dövlətlərin qeyri-dost fəaliyyətlərinə qarşı təsir (müqavimət) tədbirləri haqqında” qanun qəbul edib. Qanuna əsasən, Rusiya prezidentinin qərarı ilə hökumət qeyri-dost xarici dövlətlərlə, o cümlədən həmin ölkələrin birbaşa və ya dolayı şəkildə yurisdiksiyası altında olan təşkilatlarla beynəlxalq əməkdaşlığı qadağan edə, yaxud dayandıra bilər. Həmçinin, yeni qanunla Moskva ABŞ sanksiyalarına qarşı əks-sanksiyalar tətbiq edərək, Rusiyaya kənd təsərrüfatı və xammal məhsullarının, spirtli içki və tibbi dərmanların idxalına məhdudiyyətlər, həmçinin xarici kapitalı 25 faizdən çox olan şirkətlərə özəlləşdirmədə iştirak etmək, dövlət orqanlarına konsaltinq və audit xidmətləri göstərməyə qadağa qoyur.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Rusiya   sanksiya  





Xəbər lenti