28 ölkə Makedoniya barədə qərar verəcək

  13 İyun 2018    Oxunub : 365
28 ölkə Makedoniya barədə qərar verəcək
Avropa İttifaqının (Aİ) 28 üzv dövləti iyunun 28-29-da Brüsseldə keçiriləcək görüşdə Şimali Makedoniya Respublikasının İttifaqa daxil olmasına dair danışıqlara başlamaq barədə siyasi qərar qəbul edəcək.

. AzVision.az bildirir ki, bu barədə “RİA Novosti”yə Brüsseldəki diplomatik mənbə xəbər verib.
Bildirilir ki, Şimali Makedoniya Respublikasının Avropa İttifaqına qoşulmasına hazırlıq məqsədilə siyasi danışıqlara start veriləcək.

Xatırladaq ki, Avropa İttifaqı Albaniya, Makedoniya, Serbiya və Monteneqroya quruma üzv olmaları üçün namizədlik statusu verib. 2016-cı ilin fevralında isə Aİ-ə qoşulmaq üçün Bosniya və Hersoqovina rəsmi müraciət göndərib. Aİ-nın 28 üzv dövlətindən 23-nün tanıdığı Kosova da İttifaqa daxil olmaq istəyini bildirib.

Qeyd edək ki, Makedoniyanın baş naziri Zoran Zaev ölkənin adı ətrafında yaranan 25 illik mübahisəni həll etdiklərini açıqlayıb. Bildirib ki, Yunanıstanın baş naziri Aleksis Tsiprasla əldə olunan razılığa əsasən, keçmiş Yuqoslaviya ölkəsi olan Makedoniya bundan sonra Şimali Makedoniya Respublikası adlandırılacaq. Hər iki ölkənin hökuməti bu barədə müqavilə imzalayandan sonra, parlamentləri sənədi təsdiqləməlidir. Lakin Makedoniyanın adının dəyişdirilməsini payızda keçiriləcək referendumda ölkə vətəndaşları da təsdiqləməlidirlər. Yalnız bundan sonra konstitusiyaya dəyişiklik edilərək ölkənin adı Şimali Makedoniya Respublikası kimi qeyd olunacaq.

Yunanıstanın ikinci ən böyük əhali və əraziyə malik əyalətinin adı da Makedoniyadır. Afina iddia edir ki, qonşu Makedoniya dövləti Yunanıstanın bu ərazisinin də daxil olduğu "Böyük Makedoniya" qurmaq niyyətindədir. Bu səbəbdən də, şimal qonşusundan ölkənin adını dəyişməyi tələb edir.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: Makedoniya   Yunanıstan   Avropaİttifaqı