Ermənistan ordusunda korrupsiya işi - Ohanyan dindirildi

Ermənistan ordusunda korrupsiya işi - Ohanyan dindirildi
  13 İyun 2018    Oxunub:2228
Ermənistan silahlı qüvvələrinin təchiz olunması və ordunun hərbi-texniki ehtiyacını ödəmək adı ilə Müdafiə Nazirliyinin bir sıra keçmiş vəzifəli şəxslərinin irimiqyaslı korrupsiya əməlinə qarşı istintaq davam edir.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Dövlət Gəlirləri üzrə Komitəsinin (DGK) mətbuat xidməti məlumat verib.

DGK-nin istintaq idarəsi 2014-2017-ci illərdə ordu quruculuğu sahəsində bir sıra qanun pozuntuları aşkarlayıb. Nəticədə orduda kapitalın idarə olunması və qoşunların mənzil təminatı idarəsinin texniki istehsalat bölməsinin keçmiş rəisi Qriqor Barseqyana qarşı vəzifəsindən sui-istifadə, irimiqyaslı fırıldaqçılıq, böyük məbləğdə rüşvət alma, saxta sənədlər hazırlanması ilə bağlı ittiham irəli sürülüb.

Həmin idarənin rəhbəri Aşot Qriqoryan isə xüsusilə böyük məbləğdə fırıldaqçılığa cəhd, xidməti səlahiyyətlərindən sui-istifadə etmə və saxta sənədlər hazırlamaqda ittiham olunub. Həmçinin, Qriqoryanın xidməti vəzifəsinə müvəqqəti xitam verilməsinə dair qərar qəbul olunub.

İstintaq çərçivəsində Ermənistan Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxslərinin iş otaqlarında əməliyyat-axtarış tədbirləri həyata keçirilib, onlarla məmurun ifadəsi alınıb.

Dindirilənlər sırasında həm keçmiş kadrlar, həm də hazırda fəaliyyət göstərən yüksək vəzifəli zabitlər var. Ordudakı qalmaqallı korrupsiya işi üzrə Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan da istintaqa cəlb olunaraq, ifadəsi alınıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   ordu   korrupsiya  





Xəbər lenti