Ərəb dövlətləri Yəmənə görə toplanır

Ərəb dövlətləri Yəmənə görə toplanır
  14 İyun 2018    Oxunub:1633
Ərəb Dövlətləri Liqası (ƏDL) Hudeyda liman şəhərinə hücumdan sonra Yəməndəki vəziyyəti müzakirə etmək üçün bu gün daimi nümayəndəliklər səviyyəsində fövqəladə iclas çağırıb.
AzVision.az təşkilata istinadən xəbər verir ki, toplantı Yəmənin prezident Mənsur Hadinin başçılıq etdiyi leqitim hökumətinin xahişi əsasında keçirilir.

Qeyd edək ki, ötən gün Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələri BMT-nin xəbərdarlığına rəğmən, Yəmənin Hudeyda liman şəhərindən husiləri çıxarmaq üçün “Qızıl qələbə” adlı hərbi əməliyyatlara başlayaraq, şəhərə hava zərbələri endiriblər. Hudeyda Yəmənin şimalına humanitar yardımın çatdırılması üçün yeganə məntəqədir.

Xatırladaq ki, Yəməndə silahlı münaqişə 2014-cü ildə başlayıb. Münaqişənin tərəfləri ölkənin sabiq prezidenti Əli Abdullah Salehə sadiq ordu hissələri və şiə husi üsyançılar ilə, hazırkı prezident Mənsur Hadi hökuməti və ona sadiq ordu birləşmələridir. 2015-ci ildən Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb ölkələri hərbi koalisiyası leqitim hökumətə dəstək üçün Yəməndə husilərə qarşı əməliyyata başlayıb. ABŞ isə bu koalisiyaya kəşfiyyat və loqistika köməyi edir. Hazırda Yəmənin paytaxtı Səna şəhəri husilərin nəzarətindədir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Yəmən   ƏrəbDövlətləriLiqası   husilər  





Xəbər lenti