Menbiçdə birgə hərbi əməliyyat başladı

Menbiçdə birgə hərbi əməliyyat başladı
  18 İyun 2018    Oxunub:1472
Türkiyə ordusu ABŞ-ın hərbi bölmələri ilə birgə Suriyanın Menbiç bölgəsində antiterror əməliyyatına başlayıb.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.

O, bildirib ki, “Fırat Qalxanı” əməliyyatları keçirilən ərazi ilə Menbiç arasındakı bölgədə antiterror əməliyyatı keçirilir.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun ABŞ dövlət katibi Mayk Pompeo ilə 4 iyundakı görüşündə Suriyanın Menbiç əyalətinin YPG/PYD kürd terrorçu qruplaşmalarından təmizlənməsinə dair "yol xəritəsi" üzrə razılıq əldə olunub.

Menbiç planının detallarını açıqlayan Çavuşoğlu bildirib ki, təmizlənmə prosesi 3 mərhələdə icra olunacaq. Birinci mərhələdə 10 gün ərzində ABŞ və Türkiyə nümayəndələrindən ibarət ilkin hazırlıq toplantısı keçiriləcək. İkinci mərhələdə YPG terrorçuları Menbiçdən çıxarılaraq Fərat çayının şərq sahillərinə çəkiləcək. Bu zaman terrorçuların əlindəki bütün silahlar alınaraq tərksilah ediləcək. Üçüncü mərhələdə isə Menbiçin yerli özünüidarə məsələsinə baxılacaq. Bu zaman bölgədəki əhali nisbəti nəzərə alınacaq. Menbiçdə ərəblərin üstünlük təşkil etdiyi yerlərdə idarəçilik və təhlükəsizliyə nəzarət ərəblərə həvalə olunacaq. Digər yerlərdə əgər çoxluq kürdlərə məxsus olsa, yalnız YPG/PYD, PKK xaricindəki kürdlərə idarəçilikdə iştirak haqqı veriləcək.

Çavuşoğlu bəyan edib ki, Menbiçin terrorçulardan təmizlənməsindən sonra, bu planı Suriyada kürd terrorçularının nəzarətində olan digər bölgələrə də tətbiq edəcəklər. Türkiyə xarici işlər naziri Menbiçin terrorçulardan 3-6 ay ərzində təmizlənəcəyini və bu prosesdə üçüncü ölkənin iştirak etməyəcəyini deyib.

AzVision.az


Teqlər: Türkiyə   Menbiç  





Xəbər lenti