Sabah 64800 şagird imtahan verəcək

Sabah 64800 şagird imtahan verəcək
  20 İyun 2018    Oxunub:1791
Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 21-də Bakı, Şirvan şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək.
DİM-dən AzVision.az-a verilən məlumata görə, həmin gün ümumilikdə 64800 şagirdin imtahan verəcəyi nəzərdə tutulur (IX sinif üzrə 37029, XI sinif üzrə 27771). Bu imtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15:00-da başlanır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- “İmtahana buraxılış vərəqəsi”;

- şəxsiyyəti təsdiq edən sənədin əslini:

a)Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b)əcnəbilər şəxsi pasportları və icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

-Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

IX sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 80 imtahan binası ayrılıb. İmtahanda 37029 nəfər (Bakıda 32652, Şirvanda 882, Naxçıvan Muxtar Respublikasında 3495) 9-cu sinif şagirdinin iştirakı nəzərdə tutulur. XI sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 80 imtahan binası ayrılıb. İmtahanda 27771 nəfər (Bakıda 23978, Şirvan 776, Naxçıvan Muxtar Respublikasında 3017) 11-ci sinif şagirdinin iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunmasına, ümumilikdə 241 imtahan rəhbəri, 2939 nəzarətçi-müəllim ayrılıb. İmtahan keçiriləcək şəhərlərdə imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilib. İmtahan mərkəzlərinə təhlükəsizliyin təmin edilməsi məqsədilə bu gün DİM əməkdaşlarının iştirakı ilə baxış keçiriləcək və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil veriləcək.

AzVision.az


Teqlər: DİM   Şagird  





Xəbər lenti