İraqda həllini tapmayan seçki böhranı

İraqda həllini tapmayan seçki böhranı
  21 İyun 2018    Oxunub:1140
İraqda keçirilən 12 may parlament seçkilərilə əlaqədar yaşanan böhran hələ də davam edir.

AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, böhrana son qoymaq üçün İraq Konstitusiya Məhkəməsi parlamentin qərarını dəstəkləyərək, seçki nəticələrinin yenidən əllə sayılmasını təsdiqləyib.
Lakin İraq qanunlarına görə, seçki nəticələrini yenidən sayılması üçün İraq Ali Seçki Komissarlığının müvafiq qərarı olmalıdır. Komissarlıq isə bəyan edib ki, İraqda seçki qutularından çıxan səslərlə açıqlanan rəsmi səsvermə statistikası üst-üstə düşür və saxtakarlıqla bağlı iddialar sadəcə ölkədəki seçkilərə kölgə salmaq məqsədi daşıyır. Ali Seçki Komissarlığı onu da bəyan edib ki, seçki nəticələrinin əllə yenidən sayılması üçün İraq federal məhkəməsinin də qərarı olmalıdır.

Xatırladaq ki, 12 may parlament seçkilərində səslərin sayılmasında və səsvermə prosesində saxtakarlığa yol verildiyinə dair əhalinin iddiaları qarşısında İraq Məclisi (parlament) səslərin yenidən əllə sayılması barədə qərar qəbul etmişdi. Lakin bu qərarın icrasından öncə, seçkilərin nəticələrini müəyyənləşdirən səsvermə bülletenlərinin olduğu seçki qutularının saxlanıldığı ən böyük depoda qəfildən yanğın baş verib. Nəticədə İraq parlamentinin sədri Səlim əl-Cuburi və prezidentin köməçisi İyad Allavi yanğın səbəbi ilə seçkilərin yenidən keçirilməsini təklif edib. Parlament seçkilərinin qalibi, 54 mandat qazanan “Əs-Sayrun” şiə blokunun lideri Müqtəda əs-Sədr isə yanğında məqsədin onun partiyasının qələbəsini – seçkilərin nəticələrinin ləğv edilməsi olduğunu bəyan edib.

Seçki böhranı İraqda yeni hökumətin qurulmasını gecikdirib. Ötən gün baş nazir Heydər əl-İbadi bildirib ki, Konstitusiya Məhkəməsi seçki nəticələrini təsdiq etdiyi gündən etibarən yeni parlament və müvafiq olaraq hökumət qurulacaq. Lakin seçki böhranı səbəbindən hazırkı hökumət işini davam etdirəcək.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İraq   Seçki  





Xəbər lenti