Təhsil sistemində yeniliklər tətbiq olunacaq

Təhsil sistemində yeniliklər tətbiq olunacaq
  21 İyun 2018    Oxunub:9896
"Təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədinin qəbulundan ötən müddət ərzində təhsil sahəsində müsbət dinamika müşahidə olunub, 5 il bundan əvvəllə müqayisədə bir sıra sahələrdə əsaslı nailiyyətlər əldə edilib.
AzVision.az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov təhsil ilinin yekunlarına dair tədbirdə deyib. O bildirib ki, bu nailiyyətlər həm əhatəliliyin artması, həm də keyfiyyətin və ya bərabər imkanların yaxşılaşması ilə nəticələnib.

Təhsil naziri təhsilimizin daha əlçatan, keyfiyyətli, gələcəkdə iqtisadiyyatımızın güclü və vətəndaşlarımızın rifah səviyyəsinin yüksək olmasına zəmin yaratdığını vurğulayıb.

"2020-ci ilə qədər məktəbəhazırlığın əhatəlilik səviyyəsinin 90 faizə çatdırılması nəzərdə tutulub. Həmçinin bu istiqamətdə digər hədəf keyfiyyətin yaxşılaşdırılması və artıq bununla bağlı bir sıra layihələrin həyata keçirilməsidir".

C.Bayramov qəbul imtahanlarının yeni modelindən danışaraq qeyd edib ki, hazırda bu istiqamətdə Dövlət İmtahan Mərkəzi ilə sıx əməkdaşlıqda iş aparılır.

""Təhsil haqqında" qanununda edilən dəyişikliklərə əsasən, ali təhsil müəssisələrinə qəbul üzrə əsasən 2 dəyişiklik nəzərdə tutulub. Belə ki, həmin dəyişikliklər beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin müəyyən edilmiş şərtlər yerinə yetirilməklə, təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə, beynəlxalq fənn olimpiadaları qaliblərinin istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunması ilə bağlıdır".

Nazir bildirib ki, son illər ərzində ali təhsil sistemində beynəlxalq səviyyədə akkreditasiya olan, dünyanın xarici ali təhsil müəssisələri ilə ikili diplom, tətbiq edilən birgə proqramların sayı artmaqdadır. "Bu tipli proqramların dünyanın digər aparıcı ali təhsil müəssisələrində tətbiq edilməsi azərbaycanlı tələbələrə məhz beynəlxalq səviyyədə akkreditasiya olunmuş proqramların nəticəsində qəbul imkanları verir. Belə olan təqdirdə biz azərbaycanlı tələbələrə bu imkanları yaratmadıqda onlara suni maneələr törədirik, onları xarici ali təhsil müəssisələrinə yönəldirik. Bu, təhsil sistemi və dövlət siyasəti maraqları baxımından qəbul olunmazdır. "Təhsil haqqında" qanuna bu istiqamətdə dəyişikliyin edilməsinin çoxdan zamanı idi".

Təhsil naziri, həmçinin qeyd edib ki, məktəbdaxili qiymətləndirmə ilə bağlı təhlillər aparılıb: "Yaxın aylarda bununla bağlı qərar veriləcək. Məktəbdaxili qiymətləndirmədə, xüsusilə ibtidai təhsil pilləsində yüngülləşmə olacaq. Yenilik 2018-2019-cu tədris ilindən tətbiq ediləcək".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti