Ermənistan ordusunda rəzalət - Komandirlər oğurluq etdilər

Ermənistan ordusunda rəzalət - Komandirlər oğurluq etdilər
  21 İyun 2018    Oxunub:4554
Ermənistan ordusunda növbəti qalmaqallı və rəzil cinayət işi gündəmi zəbt edib.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) silahlı qüvvələrin bir neçə hərbi məntəqəsində xidməti vəzifəsindən istifadə edərək küllü miqdarda mənimsəmə və korrupsiya halları aşkarlayıb.
MTX mətbuat xidməti bildirib ki, "N" saylı hərbi məntəqənin bir neçə bölməsinin komandirləri 2017-ci ilin dekabrından 2018-ci ilin iyununadək dövlətin hərbi hissələrə verdiyi yanacağı oğurlayaraq şəxsi mənfəət üçün istifadə ediblər. İstintaq nəticəsində aydın olub ki, yanacaq və sürtkü yağları materialları xidmətinin rəisi hərbi məntəqənin rəhbərliyi ilə sövdələşərək qanunsuz fəaliyyətlə məşğul olub. O, hərbi hissələrə verilən yanacağı oğurlayaraq qonşuluqda fəaliyyət göstərən avtoyuyucu məntəqələrə satıb. İş üstündə yaxalanan hərbi xidmət rəisinə qarşı cinayət işi açılıb.

Ermənistan ordusunun digər hərbi hissəsində isə hərbi qulluqçuların maddi təminatına cavabdeh zabitlər hərbi maşınların hissələrini, hətta motorlarını, ötürücü qutuları və təkər şinlərini də işə yararsız və köhnəlmiş kimi qələmə verərək satıblar. Onlar hətta təmir zamanı maşınların təzə elementlərini köhnələrlə əvəzləyiblər.

Bu cür əməllərin Ermənistan Müdafiə Nazirliyinin imicinə xələl gətirdiyini və ölkənin müdafiə qabiliyyətinə mənfi təsir etdiyini deyən MTX vətəndaşlara xəbərdarlıq edərək, hərbi komandir və zabitlərin qanunsuz fəaliyyətində iştirakdan uzaq durmağa çağırıb. Əks halda, hərbçilərin cinayətinə görə mülki vətəndaşlar da cəzalandırılacaq.

Qeyd edək ki, Ermənistan Dövlət Nəzarət Xidməti də Müdafiə Nazirliyində yoxlamalar aparacağını açıqlayıb. Başlıca məqsəd korrupsiya faktlarının aşkarlanmasıdır.


Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   ordu   korrupsiya  





Xəbər lenti