Almanların 40 faizdən çoxu Merkeli istəmir

Almanların 40 faizdən çoxu Merkeli istəmir
  22 İyun 2018    Oxunub:1867
Almaniya əhalisi kansler Angela Merkelin istefaya getməsi barədə vahid fikrə malik deyillər və onlar demək olar ki, tən yarı bölünüblər.
Bu nəticə “Yougov” ictimai rəy institutunun keçirdiyi sorğuda əksini tapıb. Beləliklə, respondentlərin təxminən 43 faizi Merkelin öz postunu tərk etməli olduğunu düşünür, 42 faizi isə onun fəaliyyətini müsbət qiymətləndirir və istefa üçün əsas görmür. Bununla yanaşı, rəyi soruşulan vətəndaşların 15 faizi bu suala fikir bildirməkdən çəkinib.

Sorğunun nəticəsinə əsasən, Merkelə daha çox “yaşıllar” partiyasının tərəfdarları müsbət yanaşır. “Almaniya üçün alternativ” partiyasının tərəfdarları isə ona qarşı ən kəskin mövqedə dayanır, belə ki, onların cəmi 6 faizi Merkeli kansler postunda görmək istəyir.

Solçuları dəstəkləyən almanların demək olar ki, 50 faizi Merkelin kansler postunda vəzifəsini layiqincə yerinə yetirdiyini düşünür.

Angela Merkelin rəhbərlik etdiyi Xristian-demokratik ittifaqı (XDİ) və Xristian-sosialist ittifaqı (XSİ) alyansının tərəfdarları arasında isə ona qarşı münasibət birmənalı olmayıb. Alyans tərəfdarlarının 27 faizi Merkelin kansler postunu tərk etməsinin vaxtının çatdığını, 63 faizi isə buna ehtiyac olmadığını fikirləşir.

Rəyi soruşulan vətəndaşların 30 faizi qanunsuz miqrasiya səbəbindən hökumət koalisiyasının dağıla biləcəyini ehtimal edir. Respondentlərin 45 faizi isə öz növbəsində XDİ/XSİ alyansı və Almaniyanın sosial-demokratik partiyasından ibarət koalisiyanı yaxın gələcəkdə heç bir təhlükə gözləmədiyinə əmindir.

Bununla yanaşı, Almaniya əhalisinin yarısı hökumət koalisiyasının 2021-ci il üçün nəzərdə tutulan seçkilərə qədər mövcud olacağına şübhə ilə yanaşır.(AzərTAc)

AzVision.az


Teqlər: Almaniya   Merkel  





Xəbər lenti