ATƏT Bakıya səfərlə bağlı bəyanat yaydı

ATƏT Bakıya səfərlə bağlı bəyanat yaydı
  23 İyun 2018    Oxunub:1348
ATƏT-in 24 nəfərdən ibarət daimi nümayəndələr qrupu 18-22 iyun tarixlərində Cənubi Qafqaz ölkələrinə səfərlərinin yekunu ilə bağlı bəyanat yayıblar.
AzVision.az-ın məlumatına görə, bəyanatda bildirilib ki, ATƏT daimi nümayəndələrinin son bir neçə ildə bu formatda ilk belə səfər gerçəkləşdirməsinin məqsədi ATƏT-in öhdəlikləri və prinsiplərinə uyğun olaraq regionda sülh, sabitlik və inkişafda maraqlı olduqlarını yenidən təsdiqləmək, həmçinin Azərbaycan, Gürcüstan və Ermənistanda ATƏT-in daha aktiv iştirakına dəstəklərini ifadə etməkdir.

Bəyanatda qeyd olunub ki, ATƏT-in nümayəndələri İrəvan, Tbilisi və Bakıda yüksək səviyyəli dövlət rəsmiləri, bir sıra siyasi partiyaların parlamentariləri və vətəndaş cəmiyyəti təmsilçilərilə görüşüblər. Danışıqlarda təhlükəsizlik, münaqişlər və regionda baş verən ən son siyasi gəlişmələr diqqət mərkəzində olub.

Bildirilib ki, ATƏT-in səfirləri Azərbaycanda xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, həmçinin Milli Məclis sədrinin müavini Bahar Muradova və ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev daxil olmaqla, parlament nümayəndələri ilə görüşüblər. Azərbaycana səfər baş nazir Novruz Məmmədovla gələcək dialoqun və ATƏT çərçivəsində əməkdaşlığın perspektivləri barədə aparılan müzakirələrlə yekunlaşıb.

“Mən Cənubi Qafqazın üç ölkəsinə bu vacib səfərdən Vyanaya dərin ruh yüksəkliyi ilə qayıdıram. Bizim məqsədimiz etimadın möhkəmləndirilməsi və Cənubi Qafqaz ölkələrinin ATƏT-lə əməkdaşlıqlarını aktivləşdirmələrinə dair istəyimizi vurğulamaq idi. Bu məsələlər ATƏT-in gündəliyində əvvəlkitək önəmli yer tutur və qarşılıqlı təhlükəsizliyimizi möhkəmləndirmək üçün bizim bir-birimizlə bölüşəcəyimiz çox şey var.” - deyə ATƏT Daimi Şurasının sədri səfir Alessandro Azzoni bildirib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ATƏT  





Xəbər lenti