ABŞ Senatı Qarabağ separatçılarına yardımı təsdiqlədi

  23 İyun 2018    Oxunub : 1711
ABŞ Senatı Qarabağ separatçılarına yardımı təsdiqlədi
ABŞ Senatının ödəmələr üzrə Komitəsi konqressmen Kris Van Hollen tərəfindən irəli sürülən təklifləri qəbul edib.

AzVision.az erməni mediasına istinadən xəbər verir ki, Hollenin təklifləri onun tərtib etdiyi hesabatda əks olunub.
Həmin hesabat 2019-cu maliyyə ili üçün ABŞ-ın xarici yardımları haqqında qanun layihəsinin tərkib hissəsidir. Konqress növbəti həftələrdə qanun layihəsini müzakirəyə çıxararaq qəbul edəcək.

Hollenin hesabatında Ermənistanla Azərbaycan arasında uzun müddətdir davam edən Dağlıq Qarabağ münaqişəsindən narahatlıq ifadə olunub. Hələ də həllini tapmayan münaqişədə ABŞ konqressmeni çıxış yolunu Dağlıq Qarabağdakı separatçı rejimə dəstək omaqda görüb.

Hesabatda Xankəndində humanitar ad altında qanunsuz fəaliyyət göstərən QHT-lərə, xüsusən də “Xanım Koksun reabilitasiya Mərkəzi”nə maliyyə yardımı edilməsi təklif olunub. Amerika Erməniləri Milli Komitəsi Hollenin təkliflərini qəbul edərək separatçılara dəstək olduğu üçün ABŞ Senatına təşəkkür edib.



Qeyd edək ki, ABŞ-dakı ən iri erməni diasporu olan Amerika Erməniləri Milli Komitəsi bundan əvvəl ABŞ Konqresinə müraciət edərk, 2019-cu ildə Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejimə ümumilikdə 70 milyon dollar maliyyə ayrılmasını istəyib. Bununla əlaqədar, ABŞ-ın ermənipərəst konqressmenləri Adam Şiff və Frenk Palloun mayda Konqressin xarici yardımlar üzrə Komitəsində çıxış edərək, 2019-cu ildə Amerikanın İrəvana və Qarabağ separatçılarına hərbi-müdafiə sahəsində maliyyə yardımını artırmağa, Azərbaycana isə hərbi yardım etməməyə çağırıb. Onlar Qarabağdakı qondarma quruma ümumilikdə 20 milyondan çox maliyyə ayrılmasını tələb ediblər.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: Ermənistan   DağlıqQarabağ   ABŞ   Konqress