Naxçıvanla bağlı sual Paşinyanı çıxılmaz vəziyyətə saldı

Naxçıvanla bağlı sual Paşinyanı çıxılmaz vəziyyətə saldı
  26 İyun 2018    Oxunub:4574
"Son illər atəşkəs rejiminin pozulmasının aşağı səviyyəsi müşahidə olunur. Yəni orta statistik göstəricilərə əsasən, mənim seçilməyimdən sonra atəşlərin sayı indiyədək görünməmiş səviyyədə azalıb. Lakin təəssüf ki, bizim itkilərimiz var."

AzVision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook”da canlı video-bağlantı zamanı deyib.
Paşinyan Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlanma ehtimalına toxunaraq vurğulayıb ki, hər an müharibəyə hazır olmalıdırlar. Narahatlıq üçün əsas olmadığını deyərək erməniləri ümidləndirməyə çalışan Paşinyan, vəziyyətin istənilən vaxt dəyişə və gərginliyin arta biləcəyini də istisna etməyib.

Ənənəyə sadiq qalan Ermənistan baş naziri gərginliyin artmasında rəsmi Bakını ittiham edib: "Azərbaycan hərbi ritorikadan istifadə edir, lakin Azərbyacan rəhbərliyi anlamalıdır ki, Dağlıq Qarabağ münaqişəsinin hərb yolu ilə həlli yoxdur”.

Xalqı orduya dəstək verməyə çağıran Paşinyan, Ermənistan ordusunda qanun pozuntularının mövcudluğunu etiraf edərək, onların aradan qaldırılmasının vacibliyini vurğulayıb.

“Facebook”dakı canlı yayımda Ermənistan vətəndaşları baş nazirə Naxçıvan ordusunun əməliyyat keçirərək, Areni kəndi (Dərələyəz mahalının Arpa kəndi) istiqamətində getdikcə irəlilədiyi, yüksəkliklərə nəzarəti ələ keçirərək Ermənistan ordusu üzərində ciddi strateji üstünlük qazanmasının doğruluğuna dair sual verərək, Paşinyanı çıxılmaz vəziyyətdə qoyublar.

Azərbaycanın keçirdiyi uğurlu hərbi əməliyyatı inkar edərək gizlətməyə çalışan Paşinyan sadəcə Naxçıvanla sərhəddə müəyyən gərginlik yaşandığını deyib: “Naxçıvan istiqamətində müəyyən gərginlik var. Amma hərbi risklər baxımından heç nə dəyişməyib. Sadəcə Azərbaycan tərəfi ordunun mövqelərini dəyişib. Azərbaycan hələ 1992-93-cü illərdən İrəvan-Laçın yolunu nəzarətdə saxlayır. Bu planda heç nə dəyişməyib. Azərbaycan müxtəlif istiqamətlərdə mövqelərini irəli köçürüb. Bizim də mövqelərimizi dəyişib-dəyişmədiyimizlə bağlı məsələyə toxunmaq istəmirəm. Sadəcə demək istəyirəm ki, müəyyən gərginlik yaranıb və vəziyyət bu cür də davam edir. Biz qarşı tərəfin mövqelərini köçürməsilə bağlı yarana biləcək riskləri idarə etmək üzərində işləyirik.”

Qeyd edək ki, 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şərur rayonunun Sədərək, Günnüt, Havuş və Şahbulaq kəndləri aramsız düşmən hücumlarına məruz qalıb. Mayda Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilib. Bununla da ordumuz daha əlverişli mövqelərə sahiblənib, “Xunut” dağı və “Ağbulaq” yüksəkliyi, daha sonra isə “Qızılqaya” dağı və “Mehridağ” işğaldan azad edilərək, Dərələyəz mahalının Arpa kəndi (ermənilər adını dəyişdirərək “Areni” qoyublar) nəzarət altına keçib. Ordumuzun uğurlu əmliyyatı nəticəsində ümumilikdə 11 min hektara yaxın ərazi düşməndən azad edilib.

Paşinyan bu reallıqları əhalidən gizlətməyə və ərazidə baş verənlərə başqa “don” geyindirməyə çalışsa da, erməni KİV-rinin xəbər və videoreportajlarında mayın son günlərindən Azərbaycan Ordusunun irəliləməsindən və Arpa kəndinin yaxınlığındakı postlarda mövqe tutmasından ciddi narahat olan kənd əhalisi Ermənistan Müdafiə Nazirliyinin onları aldatdığını və ordunun əraziləri qorumaq iqtidarında olmadığını qeyd ediblər.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   Azərbaycan   Naxçıvan   Günnüt   Qarabağ  





Xəbər lenti