Sarkisyana daha bir zərbə: Karapetyan onu tərk etdi

Sarkisyana daha bir zərbə: Karapetyan onu tərk etdi
  26 İyun 2018    Oxunub:2349
Ermənistanın sabiq baş naziri Karen Karapetyan Respublikaçılar partiyası sədrinin – Serj Sarkisyanın birinci müavini postundan istefa verib.

AzVision.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse-spikeri, Respublikaçılar partiyasının üzvü Eduard Şarmazanov məlumat verib.
Onun sözlərinə görə, Karapetyan partiyanın İcraiyyə orqanının iclasında istefa ərizəsini təqdim edib.

“Karen Karapetyan kifayət qədər yetkin siyasi xadimdir. Hansı vəzifəni tutacağına özü qərar verir. Karapetyan yeni siyasi reallıqlardan çıxış edərək bu vəzifədən getdi. Həmçinin, Karapetyan hesab edir ki, hazırkı siyasi proseslərdə o qədər də aktiv deyil və bu səbəbdən də, partiyada belə yüksək postda qalmağının ədalətli olmadığını düşünür", - deyə Şarmazanov vurğulayıb.

Bununla belə, o, Karapetyanın Respublikaçılar partiyasının sıralarını tərk edəcəyilə bağlı hələ ki heç bir söhbətin getmədiyini açıqlayıb. Sabiq baş nazirin bundan sonrakı fəaliyyəti və yeni partiya yaradıb-yaratmayacağı barədə isə Şarmazanov məlumatsız olduğunu deyib. Bildirib ki, Serj Sarkisyanın Karapetyanı əvəzləyəcək yeni müavini partiya Şurasının növbəti iclasında seçiləcək.

Qeyd edək ki, Karen Karapetyan baş nazir təyin edildikdən 2 ay sonra – 2016-cı ilin 24 noyabrında o zamankı hakim Respublikaçılar partiyasına üzv olmaq üçün müraciət etmişdi.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   istefa   Karapetyan   SerjSarkisyan  





Xəbər lenti