Trampın köməkçisi ilk dəfə Putinlə görüşdü
AzVision.az-ın “Washington Post”a istinadən verdiyi xəbərə görə, Rusiya prezidenti bildirib ki, iki ölkə arasındakı münasibətlər heç də ən yaxşı formada deyil.
“Sizin Moskvaya səfəriniz bizdə ümid yaradır ki, bərabər və bir-birimizin maraqlarına hörmət əsasında ölkələrimiz arasındakı münasibətlərin tam formatda bərpasına doğru ən azı ilkin addım ata bilərik”, - Putin deyib.
Rusiya prezidenti ikitərəfli əlaqələrin normallaşması üçün hər iki tərəfdən görülə biləcək işlər bardə müzakirələr aparmağı təklif edib.
İlk dəfə Putinlə görüşən Con Bolton isə öz növbəsində ABŞ və Rusiyanın birgə işləyə və razılığa gələ biləcəkləri sahələr tapacaqlarına ümid edir.
“Hətta ölkələrimiz arasında ziddiyyətlərin olduğu əvvəlki vaxtlarda da bizim liderlərimiz və onların məsləhətçiləri görüşürdülər. Düşünürəm ki, bu, hər iki ölkə üçün və dünyadakı sabitliyin qorunub saxlanması baxımından çox yaxşı idi. Və prezident Tramp da bu məsələdə (beynəlxalq sabitlik – red.) olduqca maraqlıdır ” – deyə Bolton bildirib.
Bolton, həmçinin zarafatla, “futbol üzrə Dünya Çempionatını necə bu cür uğurla keçirməyiniz barədə eşitmək istərdim” deyərək, Putinin gülümsəməsinə səbəb olub.
Qeyd edək ki, Bolton Putindən öncə Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb. Danışıqların başlıca mövzusu ABŞ-Rusiya münasibətlərinin hazırkı durumu və Putinlə Trampın görüşünü hazırlamaqdır.
Leyla Elbrusqızı
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


