Pentaqon türklərlə birgə əməliyyatın ilk fotosunu yaydı

Pentaqon türklərlə birgə əməliyyatın ilk fotosunu yaydı
  28 İyun 2018    Oxunub:1500
ABŞ və Türkiyə hərbi birləşmələri Suriyanın şimal-şərqindəki Menbiç əyalətində birgə patrul xidməti həyata keçirməyə başlayıblar.

AzVision.az xəbər verir ki, Pentaqon bölgədə birlikdə fəaliyyət göstərən amerikalı və türk əsgərlərin ilk şəkillərini yayıb.
Amerikanın müdafiə məsələləri üzrə xəbərlər paylaşan “Defense Post” saytınta yerləşdirilən şəkillərdə ABŞ hərbçilərinin türk zirehli texnikasını uzaqdan müşahidə etdikləri göstərilib.

Qeyd olunub ki, ABŞ və Türkiyə ortaq ərazidə patrul xidməti həyata keçirmir. Bu ölkələrin hərbçiləri ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin müəyyənləşdirdiyi sərhəd xətti ilə ikiyə ayrılan ərazidə koordinasiyialı şəkildə paralel patrul xidməti icra edirlər.

Ötən gün Türkiyə Silahlı Qüvvələri baş qərargahından isə bildirilib ki, amerikalı və türk əsgərlər “Fərat qalxanı” əməliyyat zonası ilə Menbiç arasında qalan xətdə beşinci koordinasiyalı və sərbəst patrul fəaliyyətini icra ediblər. ABŞ və Türkiyənin ilk paralel patrul fəaliyyəti isə Cerablusla Menbiç arasındakı Sacur sərhəd çayının ətrafında baş tutub.



Qeyd edək ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun ABŞ dövlət katibi Mayk Pompeo ilə 4 iyundakı görüşündə Suriyanın Menbiç əyalətinin YPG/PYD kürd terrorçu qruplaşmalarından təmizlənməsinə dair "yol xəritəsi" üzrə razılıq əldə olunub.

Menbiç planının detallarını açıqlayan Çavuşoğlu bildirib ki, təmizlənmə prosesi 3 mərhələdə icra olunacaq. Birinci mərhələdə 10 gün ərzində ABŞ və Türkiyə nümayəndələrindən ibarət ilkin hazırlıq toplantısı keçirilib. İkinci mərhələdə YPG terrorçuları Menbiçdən çıxarılaraq Fərat çayının şərq sahillərinə çəkiləcək. Bu zaman terrorçuların əlindəki bütün silahlar alınaraq tərksilah ediləcək. Üçüncü mərhələdə isə Menbiçin yerli özünüidarə məsələsinə baxılacaq. Bu zaman bölgədəki əhali nisbəti nəzərə alınacaq. Menbiçdə ərəblərin üstünlük təşkil etdiyi yerlərdə idarəçilik və təhlükəsizliyə nəzarət ərəblərə həvalə olunacaq. Digər yerlərdə əgər çoxluq kürdlərə məxsus olsa, yalnız YPG/PYD, PKK xaricindəki kürdlərə idarəçilikdə iştirak haqqı veriləcək.

Çavuşoğlu bəyan edib ki, Menbiçin terrorçulardan təmizlənməsindən sonra, bu planı Suriyada kürd terrorçularının nəzarətində olan digər bölgələrə də tətbiq edəcəklər. Türkiyə xarici işlər naziri Menbiçin terrorçulardan 3-6 ay ərzində təmizlənəcəyini və bu prosesdə üçüncü ölkənin iştirak etməyəcəyini deyib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Türkiyə   Suriya   Menbiç  





Xəbər lenti