NATO "S-400" qalmaqalının həllini istəyir

NATO "S-400" qalmaqalının həllini istəyir
  28 İyun 2018    Oxunub:1384
NATO ümid edir ki, Türkiyə və ABŞ Ankaranın Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərini almaq istəyi səbəbindən yaranan fikir ayrılığını tezliklə həll edəcəklər.

AzVision.az bildirir ki, bu barədə “TASS” agentliyi alyansın nümayəndəsinə istinadən məlumat verib.
“Biz ümid edirik ki, Türkiyə və ABŞ aralarındakı bütün fikir ayrılıqlarını müttəfiq həmrəyliyi ruhuna uyğun olaraq həll edəcəklər.” – deyə NATO rəsmisi bildirib. Həmçinin vurğulayıb ki, alyansın üzvləri hansı hərbi texnikanı alacaqlarına özləri qərar verirlər.

Qeyd edək ki, ötən ilin dekabrında Türkiyə "S-400" zenit-raket komplekslərini almaq üçün Rusiya ilə kredit müqaviləsi imzalayıb. Türkiyənin müdafiə sənayesi üzrə müşaviri İsmayıl Dəmir Rusiyanın "S-400" sistemlərinin 2019-cu ilin 29 iyulunda ölkəyə gətiriləcəyini deyib.

Lakin ABŞ və NATO rəhbərliyi Türkiyənin Rusiyadan "S-400" raketdən müdafiə kompleksləri almaq istəyini dəfələrlə pisləyərək, bunun alyansın ümumi müdafiə sistemi ilə uzlaşmadığını bildirmişdilər. Vaşinqton hesab edir ki, "S-400" sistemlərinin alınması Türkiyəyə "F-35" qırıcılarının verilməsinə mənfi təsir edə bilər.

ABŞ Konqresinin 2019-cu maliyyə ili üçün Pentaqonun büdcə qanun layihəsində isə vurğulanır ki, Pentaqon Ankaranın Rusiya istehsalı olan "S-400" zenit-raket kompleksləri alması haqqında xüsusi hesabat təqdim etməsə, ABŞ müdafiə naziri Türkiyəyə amerikan silahlarının verilməsini təsdiq edə bilməz. Buna baxmayaraq, Pentaqon 21 iyunda 2 ədəd beşinci nəsil “F-35” tipli çoxfunksiyalı qırıcı təyyarəni Türkiyəyə təhvil verib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Türkiyə   NATO   S-400   F-35  





Xəbər lenti