İran narahatdır: "Rusiya bizi qurban verəcək"

İran narahatdır: "Rusiya bizi qurban verəcək"
  28 İyun 2018    Oxunub:1636
Rusiya İran üçün etibarlı dost deyil

AzVision.az xəbər verir ki, bunu İran parlamentinin deputatı Bəhruz Bünyadi deyib.
İslahatçılara yaxınlığı ilə seçilən Bünyadi İran parlamentində çıxışı zamanı hökumətin Rusiya və Suriya siyasətlərini sərt tənqid edib.

“Rusiya bizim üçün etibarlı dost olmayıb. Rusiya və Suriya bizi öz maraqları naminə qurban edəcək. Bəşər Əsəd də Rusiya ilə söz birliyini getdikcə artırır”, – deyə İranlı millət vəkili vurğulayıb.

İrandakı iqtisadi böhrana toxunan Bünyadi, həll yolunu ölkədəki resursların işsizlik və yoxsulluqla mübarizəyə sərf edilməsində görür.

“İranın pullarını çox baha başa gələn daxili və xarici siyasətə xərcləməyək. İranın illik 60 milyard dollar yardıma ehtiyacı var. Beynəlxalq mənafelər baxımından işsizliyi və yoxsulluğu aradan qaldırmaq kimi prioritet məsələ varkən, niyə milli sərvətimizi iqtisadi fayda əldə etməyəcəyimiz istiqamətlərdə istifadə edirik?” – deyə Bünyadi vurğulayıb.

Qeyd edək ki, son günlər rialın ABŞ dolları qarşısında rekord ucuzlaşması səbəbindən iranlı tacirlər və bazarlarda çalışan dükan sahibləri etiraz aksiyaları keçirirlər. İranda iqtisadi çətinliklər artdıqca, əhali hökumətin siyasətini qınayaraq, Livanda “Hizbullah”a, Suriya və Yəməndə isə silahlı birləşmələrə küllü miqdarda maliyyə vəsaiti xərcləməsini pisləyirlər.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İran   Rusiya   Suriya  





Xəbər lenti