Avropanı narahat edən görüş - Səbəb və 3 versiya

Avropanı narahat edən görüş - Səbəb və 3 versiya
  28 İyun 2018    Oxunub:1837
Böyük Britaniyanın nüfuzlu “The Times” qəzetinin manşetində dərc olunan məqalədə rəsmi Londonun ABŞ-Rusiya barışığından ehtiyat etdiyi vurğulanıb.

Məlum olduğu kimi, ABŞ prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putinin görüşü 16 iyulda Helsinkidə baş tutacaq. Bu görüşün Avropa üçün mümkün neqativ nəticələrinə dair “The Times” Britaniyanın bir neçə nazirinin fikrini öyrənib.
Onların hamısının başlıca qorxusu Putinlə danışdıqdan sonra ABŞ prezidentinin NATO ölkərini Rusiyaya qarşı müdafiəsiz qoya biləcəyi ilə bağlıdır. Çünki Putin köhnə qitədə, xüsusən də Şərqi Avropada NATO təlimlərinin ləğvi, yaxud dayandırılması barədə Trampı razı sala bilər.

“Bizi narahat edən ehtimal Tramp və Putin arasında barış elan edilməsi və iki liderin “Avropada bu qədər qoşun birliyinə nə ehtiyac var?” deyərək, qarşılıqlı şəkildə silahları geri çəkmələridir.” – deyə britaniyalı nazirlərdən biri söyləyib.

Britaniyalı nazirlər, mütəxəssislər və digər rəsmilərdən müsahibələr götürən “The Times” yekunda, Tramp-Putin görüşündən çıxa biləcək 3 nəticəni bu cür sıralıyır.

1) Putin Trampı razı salaraq, payızda Norveçdə keçirilməsi planlaşdırılan NATO hərbi təlimlərinə ABŞ-ın qatılmamasına nail ola bilər. Tramp isə bəhanə kimi, bu təlimlərin böyük xərc tələb etdiyini irəli sürər.

2) Polşanın ABŞ-a ölkəsində hərbi baza yaratmaq və qoşunlarını göndərməklə bağlı dəvəti, bunun üçün Vaşinqtona 2 milyard dollar ödəməyə hazır olduğunu deməsindən sonra Putin bu məsələdə də Trampa təsir edə bilər. ABŞ prezidenti Polşadakı hərbi bazanın NATO çərçivəsində deyil, ikitərəfli razılaşma əsasında qurulması qərarını verə bilər.

3) Şərqi Ukraynada atəşkəs və Donbassdakı münaqişənin nizamlanması qarşılığında Tramp Krımın Rusiya tərəfindən ilhaqını tanıya, həmçinin Moskvaya qarşı sanksiyaları azalda bilər.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər:



Xəbər lenti