Erməni polkovnik: “Azərbaycan Ordusunun döyüş qabiliyyəti yüksək səviyyədədir”

Erməni polkovnik: “Azərbaycan Ordusunun döyüş qabiliyyəti yüksək səviyyədədir”
  29 İyun 2018    Oxunub:7363
“Azərbaycan prezidenti İlham Əliyevin hərbi paradda son bəyanatı ciddi çağırışdır. Ermənistan isə susqunluğunu saxlamaqdadır. Azərbaycan Ordusunun son hərbi paradında müxtəlif ölkələrin nümayəndləri iştirak edirdilər və İlham Əliyev düz onların qarşısında bu cür bəyanatla çıxış etdi”.
AzVision.az xəbər verir ki, bunu erməni polkovnik, “Tiqran Mets” xüsusi hərbi təlim və tədris mərkəzinin direktoru Koryun Qumaşyan “168.am”-a açıqlamasında bildirib.

Polkovnikin sözlərinə görə, Türkiyənin Bakıdakı hərbi paradda iştirakı müharibə olacağı təqdirdə bu ölkənin Azərbaycanın yanında olacağının əyani sübutdur:

“Erməni tərəfi gecikməsin deyə ildırım sürətilə öz silahlarını modernləşdirməlidir. Hər hansı ölkənin bizim haqqımızda nə düşünməyindən asılı olmayaraq, bütün maliyyə resursları müdafiə sahəsinə yönləndirilməlidir. Müharibə qaçılmazdır. Hər kəs, böyükdən kiçiyə buna hazır olmalıyıq. Bu, 2016-ci ilin aprel hadisələrinin təkrarı olmayacaq. Faktdır ki, Azərbaycan Qarabağla Ermənistanı birləşdirən yolları - Arpa çayının yanında yerləşən Arpa kəndi və Basarkeçər (Vardenis) şəhərini kimi hədəf seçib.

Bütün bunlar onu göstərir ki, Azərbaycan daha geniş miqyaslı müharibəyə hazırlaşır. Rəsmi Bakı Arpa kəndi istiqamətində öz mövqelərini qabağa çəkməklə Ararat, Keşişkənd və Arpa kəndini nəzarətdə saxlayır və bu, reallıqdır. Bu, hündürlük barədə erməni tərəfi deyir ki, bura əslində texnika çıxarmaq mümkün deyil. Əslində isə ora texnika çıxarmaq lazım deyil. Bura yalnız qarşı tərəfə vəziyyətə nəzarət etmək və əməliyyatlar zamanı düzgün taktiki gediş barədə göstəriş vermək üçün lazımdır”.

K.Qumaşyan Ermənistan Müdafiə Nazirliyini kəskin tənqid edib: “Ermənistan Müdafiə Nazirliyi öz adını tam doğruldur, çünki yalnız müdafiə olunur. Gözləyirik ki, bizə hücum edəcəklər, biz də müdafiə olunaq. Müharibə genişmiqyaslı olacaq, bunu Azərbaycan Silahlı Qüvvələrinin ən müasir texnikası sübut edir. Ermənistanda ordu talan olunan zaman Azərbaycan hərbi texnikanın modernləşdirilməsi və ordu quruculuğu ilə məşğul idi”.

Polkovnik, həmçinin qeyd edib ki, Azərbaycan Ordusunun hazırlıq və döyüş qabiliyyəti yüksək səviyyədədir: “Parad zamanı mən Azərbaycan Silahlı Qüvvələrinin hərbi hazırlığını ciddi şəkildə izləyirdim. Silahlar yeni idi. Hətta sıra hazırlığı öz intizamı üzrə Koreya ordusunu xatırladırdı. Müharibədən keçən şəxsi bu cür vəziyyət çox ciddi narahat edir. Onlar yeni silahlarını göstərdi. Ehtimal ki, Azərbaycan payızda və ya yazda müharibəyə başlayacaq. Ona görə deyirəm, bizim vaxtımız yoxdur”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Azərbaycan   Ordu   Qarabağ   Ermənistan  





Xəbər lenti