Ermənistanda qarşıdurma - VİDEO

Ermənistanda qarşıdurma - VİDEO
  29 İyun 2018    Oxunub:2233
“Lidian Ermənistan” şirkətinin əməkdaşları Cermuk şəhərinə gedən yolu bağlayaraq, Amulsar dağındakı qızıl mədənində işlərin gedişinə mane olmamağı tələb ediblər.
AzVision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

“Cermuk inkişaf mərkəzi” ictimai birliyinin nümayəndəsi Vazgen Qalstyanın sözlərinə görə, artıq bir həftədir ki, yerli sakinlər Amulsar dağ mədəninin istismar edilməsinin əleyhinə çıxış edirlər və mədənə gedən bütün yolları bağlayaraq etiraz aksiyası keçirirlər.

Lakin bu gün mədən işçiləri ayrıca aksiyaya başlayıblar. Onlar Cermuk şəhərinə aparan yolu bağlayıblar. Hətta şəhərə istiqamətlənən maşınların şüşələrini də qıraraq qarşı tərəfi - mədənin fəaliyyət göstərməsinə qarşı çıxan yerli əhalini təhdid ediblər. Mədən işçilərilə sakinlər arasında yaşanan irimiqyaslı qarşıdurmanın qanlı toqquşmaya çevrilməsinin qarşısını almaq üçün əraziyə onlarla polis cəlb olunub. Lakin etirazçıları dağıtmaq mümkün olmayıb.



Qeyd edək ki, Ermənistanın cənub-şərqində, Cermuk şəhərindən 13 kilometr aralıda yerləşən Amulsar dağında qızıl yataqları 2006-cı ildə aşkarlanıb. Ermənistandakı ekoloji təşkilatlar xəbərdarlıq ediblər ki, Amulsar dağ mədəninin istismarı ciddi və qarşısıalınmaz ekoloji fəsadlara gətirib çıxara bilər.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   dağmədəni   aksiya  





Xəbər lenti