Putin Xəzərin statusuna dair Konvensiyanı imzalamağa razılaşdı

Putin Xəzərin statusuna dair Konvensiyanı imzalamağa razılaşdı
  29 İyun 2018    Oxunub:1896
Rusiya prezidenti Vladimir Putin Xəzər dənizinin hüquqi statusun dair yekun Konvensiyanı imzalamağa razılıq verib.

AzVision.az xəbər verir ki, bu barədə sərəncəm Rusiyanın rəsmi hüquqi informasiya internet portalında yerləşdirilib.
Qeyd olunub ki, Rusiya prezidenti Nazirlər Kabinetinin Xəzər dənizinin hüquqi statusu barədə Konvensiyanı imzalamaq təklifini qəbul edib və danışıqlar prosesində prinsipial olmayan dəyişikliklər edilməsinə icazə verib.

“Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması ilə bağlı Rusiya Federasiyasının təklifi qəbul edilsin. Adı çəkilən Konvensiyanın imzalanması üzrə aparılan danışıqlar zamanı həmin Konvensiya layihəsinə Rusiya hökuməti tərəfindən təsdiq edilən, prinsipial xarakter daşımayan dəyişikliklərin edilməsi üçün Xarici işlər Nazirliyinə icazə verilsin”, – deyə sərəncamın mətnində bildirilib.

Sənəddə, həmçinin vurğulanıb ki, Putin bu Konvensiyanın ən yüksək səviyyədə imzalanmasını məqsədəuyğun hesab edir.

Xatırladaq ki, bundan əvvəl iyunun 22-də Rusiya hökuməti Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya layihəsini təsdiq edib.

Xəzəryanı ölkələrin növbəti sammiti ilin ikinci yarısında Qazaxıstanda keçiriləcək. Həmin görüşdə Xəzər dənizinin hüquqi statusuna dair yekun Konvensiya layihəsinin dövlət başçıları səviyyəsində imzalanacağı proqnozlaşdırılır.



Konvensiya layihəsi üzv ölkələrə dənizin dibi ilə boru kəmərləri çəkmək imkanı verir. Konvensiyanın 14-cü maddəsində qeyd olunub ki, “tərəflər Xəzər dənizinin dibi ilə sualtı kabellər və boru kəmərləri çəkə bilərlər”. Lakin bu zaman beynəlxalq müqavilələrdə əks olunan ekoloji tələb və standartlara riayət olunmalıdır. Həmçinin, sualtı kabel və boru kəmərləri çəkən ölkə onların koordinatları barədə digər tərəfləri məlumatlandırmalıdır.

Sənəddə bildirilir ki, Xəzər dənizində sahilyanı ölkələrin fəaliyyəti ərazi bütövlüyü, suverenliyə hörmət, güc tətbiq etməmək və güc tətbiqi ilə hədələməmək, qarşılıqlı hörmət, əməkdaşlıq və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında tənzimlənəcək eyni zamanda tərəflər Xəzər dənizindən sülh məqsədilə istifadə edəcəklər, problemləri sülh yolu ilə qaydasına salacaqlar, Xəzərdə silahlanma balansını qoruyacaqlar, hərbi quruculuğu Konvensiyanın bütün tərəflərinin maraqları nəzərə alınmaqla, məqbul ölçüdə həyata keçirəcəklər.

Bundan başqa, Xəzər dənizində sahilyanı ölkələr öz ərazilərini Konvensiya ölkələrinə qarşı təcavüz və hərbi əməliyyat məqsədilə açmayacaqları barədə öhdəlik götürüblər.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Rusiya   Xəzərinstatusu  



Xəbər lenti