"ABŞ iranlıları hökumətə qarşı qaldırmaq istəyir"- Xameneyi

"ABŞ iranlıları hökumətə qarşı qaldırmaq istəyir"- Xameneyi
  30 İyun 2018    Oxunub:1850
ABŞ-ın İrana qarşı iqtisadi təzyiqləri, iranlıları öz hökumətlərinə qarşı çevirmək məqsədi daşıyır.
AzVision.az xəbər verir ki, bunu İranın ali dini lideri Ayətulla Əli Xameneyi deyib.

ABŞ-ın İrana qarşı yeni sanksiyalar irəli sürəcəyini ehtimal edən Xameneyi Vaşinqtonu İran cəmiyyətini parçalamaq istəyində günahlandırıb.

“Onlar iqtisadi təzyiqlər vasitəsilə İran millətini sistemdən ayırmağa çalışırlar, amma ABŞ-ın ondan (Donald Trampdan – red.) əvvəlki 6 prezidenti də bunu etməyə çalışdılar və nəticədə bu siyasətdən imtina etməli oldular”, – deyə İranın ali dini lideri bildirib.

Qeyd edək ki, 8 mayda ABŞ-ın İranla nüvə sazişindən çıxması və sanksiyaları bərpa edəcəyini deməsi ilə İranda milli valyutanın dollar qarşısında rekord ucuzlaşması baş verib. Son aylar İranda qızılın qiyməti də bahalaşıb. İqtisadi problem səbəbindən paytaxt Tehrandakı kiçik sahibkarlar və tacirlər kütləvi tətil elan edərək aksiyalara başlayıblar.

“100 min riala dollar istəmirik!”, “Suriyanı burax, bizim vəziyyətimizə bax!” şüarlarının səsləndiyi aksiyalarda tacirlər və kiçik sahibkarlar Həsən Ruhani hökumətindən ölkəni maliyyə böhranından çıxarmaq üçün addımlar atmağı tələb ediblər. İran Mərkəzi Bankının sədri Vəliyullah Səif isə bəyan edib ki, ölkəni valyuta böhranından çıxarmaq üçün nə edəcəklərini bilmirlər.

İranlı ekspertlərin fikrincə, gələcəkdə vəziyyət daha kritik hal ala bilər. Əgər əhali İran banklarındakı maliyyə aktivlərini geri çəksələr, ölkə iqtisadiyyatı çökə bilər.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İran   ABŞ   sanksiya  





Xəbər lenti