Kılıçdaroğlu ilə İncə arasında müəmmalı görüş

Kılıçdaroğlu ilə İncə arasında müəmmalı görüş
  02 İyul 2018    Oxunub:2483
Bir neçə dəqiqədən sonra Türkiyənin Cumhuriyyət Xalq partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu prezident seçkilərində öz partiyasından Ərdoğanın əsas rəqibinə çevrilən namizədi Muharrəm İncə ilə görüşəcək.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, saat 19:00-da otellərdən birində baş tutacaq görüşdə Kılıçdaroğlu və İncənin xanımları da iştirak edəcəklər. Lakin görüş mediaya qapalı şəraitdə keçiriləcək.

Kılıçdaroğlu və İncənin 24 iyun seçkilərinin nəticəsini və partiyadaxili məsələləri müzakirə edəcəkləri ehtimal edilir. CHP-yə sədrlik məsələsində Kılıçdaroğlunun başlıca rəqibinə çevrilən İncənin partiyaya rəhbərlik ambisiyalarını irəli sürüb-sürməyəcəyi maraq doğrurur.

Qeyd edək ki, 24 iyun seçkilərində məğlub olduqdan sonra CHP-nin bir sıra üzvləri Kılıçdaroğlunun istefasının tələb ediblər. Bu dəfəki məğlubiyyət CHP-nin AKP (Ədalət və İnkişaf Partiyası) qarşısında 13-cü, Kılıçdaroğlunun isə Ərdoğan qarşısındakı 9-cu məğlubiyyəti olub. Lakin İncənin prezident seçkilərində təkbaşına topladığı səs (30%) CHP-nin 24 iyundakı parlament seçkilərində topladığı ümumi səsdən çox olub. Odur ki, bəzi CHP-lilər Muharrəm İncəni partiya sədri postunda görmək istədiklərini gizlətmirlər.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər:





Xəbər lenti